Rəsmi Bakı Türkiyədəki etirazlara niyə reaksiya vermir?
Türkiyədə İstanbul meri və Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun həbsinə görə artıq 10 gündən çoxdur ki, etirazlar edilir.
Bu, həm dünya, həm də regional medianın əsas mövzularından birinə çevrilsə də, Türkiyənin hazırkı iqtidarı ilə yaxın münasibətdə olan Azərbaycan hakimiyyəti hələ də məsələyə münasibətini münasibətini bildirməyib.
Ekspertlər bunu Azərbaycan hökumətinin gözləmə mövqeyində olması ilə izah edirlər.
“Region üçün ağır nəticələr”
Türkiyənin bir çox şəhərində martın 19-dan 27-dək keçirilən nümayişlərdə ümumilikdə 1879 nəfər saxlanılıb.
Rəsmilər deyir ki, onlardan 489-u azad edilib, 260-ı həbs edilib, daha 468 nəfər isə məhkəmə nəzarəti ilə bağlı qərarlar alıb.
Rəcəb Tayib Ərdoğan etirazlara görə “şeytani” müxalifəti günahlandırıb.
Buna baxmayaraq, etirazları davam edir və etirazçılara qarşı polis zorakılığı ilə bağlı hallar yayılmaqdadır.
Hakimiyyətin susqunluğuna baxmayaraq, Azərbaycan cəmiyyəti Türkiyədə baş verənləri yaxından izləyir. Cəmiyyətin bir qismi Türkiyə hakimiyyətinin qərarlarını haqlı çıxarsa da, digər bir qisim müxalifəti və etirazçıları dəstəkləyir.
Mətbuatda Azərbaycan səfirliyinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə etirazlara qoşulmamaq haqda çağırış etdiyi bildirilsə də, bu iddia rəsmi təsdiqini tapmayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli martın 26-da “Azərbaycan Saatı”na müsahibəsində deyib ki, İmamoğlunun həbsi Türkiyə və region üçün ağır nəticələr doğurmaqdadır. Bunlara nümunə olaraq, o, Türkiyə cəmiyyətindəki qütbləşməni və iqtisadi itkiləri göstərib.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özü İstanbul meri olub, siyasi həbsə məruz qalıb və sonda iqtidara gəlib. O özü hamıdan yaxşı bilir ki, həbslər siyasi liderlərin önünü bağlamaz. Mən inanıram ki, türk millətinin seçim azadlığını əlindən alacaq hadisələr yaşanmayacaq. Sonda seçim yenə də türk xalqında olacaq”, o əlavə edib.
“Ənənəvi münasibətlər”
Siyasi araşdırmaçı Şücaət Əhmədzadə düşünür ki, Azərbaycan hakimiyyəti hadisələrə qarşı gözləmə mövqeyindədir.
“Bəlkə Türkiyə daxilində vəziyyət daha fərqli görsənir, ancaq kənardan indiki etirazların ciddi siyasi dəyişiklik gətirəcəyi gözləntisi hazırki məqamda azdır, baxmayaraq ki, bu cür məqamlarda proqnozlaşdırma çox çətindir”, o, Toplum TV-ə bildirib.
Əhmədzadə inanır ki, etirazların hansı ssenaridə cərəyan etməsindən və mümkün hakimiyyət dəyişikliyindən asılı olmayaraq Azərbaycan və Türkiyə “ənənəvi münasibətlərini” qoruyub saxlayacaq.