Həbsdə olan jurnalist Şəmşad Ağa yazır:

Mən necə siyasi məhbus oldum?
Həmin gün özümü çox qəribə hiss edirdim: əzgin, yorğun və ağrılı… Təxmin edirdim ki, nəsə olacaq, amma bu nəsə yaxşı bir şeyə oxşamırdı (Qəribədir, insan başına gələnləri hər kəsdən tez hiss edir).
Bir neçə saat Selcanın sənədlərinə vaxt ayırdım, təəssüf ki, hamısını bitirə bilmədim. Evə gəlib redaktəyə götürdüyüm kitablardan birinin üzərində işləməyə başladım. Axşama yaxın işimi bitirəndə yorğun idim. Adətim üzrə telefonu götürüb məhbus dostlarımdan bir neçəsinin ailəsi ilə əlaqə saxladım, təskinlik verdim… Sonra atamla danışdım; o, səhhətindən, mən də yarızarafat yorğunluqdan gileyləndim.
İçimdəki bu naməlum sıxıntını dağıtmaq üçün çölə çıxmaq istəyirdim. Ona görə də dostlardan ikisinə yazıb çaya dəvət etdim. Günəşlidə görüşdük, xeyli söhbət etdik: ədəbiyyatdan, kinodan, sənətdən və s.
Artıq saat 1-ə işləyirdi. İcazə alıb durdum və taksi çağırdım. Taksi 2 dəqiqə göstərsə də, 10 dəqiqədən çox gecikdi. Bu an qara bir maşın qarşımdan sürətlə keçdi, öndən dövrə vurub yenidən qayıtdı. Bu ərəfədə taksi gəlib çatdı. Qapını açıb əyləşdim və niyə gecikdiyini soruşdum “Buranı tapa bilmirdim”, – dedi.
Neftçilərdə “Maklerlər parkı” kimi tanınan parkın önündə düşdüm, yolu keçib dönərçiyə bir dönər sifariş verdim. Dedim, sən dönəri hazırla, mən kartdan pul çəkib gəlirəm, çünki sonuncu 3 manatımı taksiyə vermişdim. Kartımda 35 manat pul vardı. Onu çəkib götürmək istəyəndə maskalı biri sürətlə üstümə şığıdı. Əvvəl elə bildim ki, soyğunçudur, çünki ətrafda kimsə yox idi. Daha sonra biri də yaxınlaşıb qollarımı qandalladı və zorla maşına basdılar.
Sürücü ilə birgə 4 nəfər idilər. Əl atıb cibimdən telefonumu çıxartdılar. Bir neçə metr getdikdən sonra telefonun parolunu istədilər. Kim olduqlarını soruşanda “Banditizm”dən gəldiklərini dedilər. Parolu verməkdən imtina etdim. Sağımda əyləşən və Naxçıvan ləhcəsi ilə danışan uzundraz əməliyyatçı boynumdan birini ilişdirdi.
Bir anlıq gözlərim qaraldı, ayaq üstə olsam, bəlkə də, yıxılardım. Hiss etdim ki, təzyiqim qalxıb. Cibimdən dərmanı çıxarıb dilimin altına qoymalarını istədim, qarşılığında parolu istədilər. Mən parolu verməkdən, onlar da dərmanı verməkdən imtina etdilər. Sonra məni Neftçilərdə, 5 mərtəbələrin arasındakı küçələrdə gəzdirdilər. Tez-tez telefonla danışıb kimdənsə cavab gözləyir, israrla parolu istəyirdilər. Vəkilimi istəyəndə isə həmin əməliyyatçı bu dəfə dirsəyi ilə çənəmdən vurdu, qandalda olan əlimin şəhadət barmağını qırıla biləcək həddə qədər qatladı. Olduqca kobud davranır, “Gedək, səni başa salarıq” deyirdi. Təxminən 20-25 dəqiqə çəkən bu prosesdə NKVD məni yormuşdu.
Növbəti zəngdən sonra yola çıxıb sürətlə sürməyə başladılar. Sanki NKVD qara maşında Müşfiqi güllələməyə aparırdı. Maşın dayananda qapı açıldı və mülki geyimli, kepkalı biri başını içəri salıb özünü təqdim etdi; Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Seymur İsmayılov olduğunu dedi. Məni “Meydan TV işi”, Aynur Qəmbərova ilə bağlı şübhəli şəxs kimi saxladığlını bildirdi. “Aynura görə güllələnməyə də getmək olar”, – dedim.