Azərbaycanda yalnız eşşəklər deyil, atlar da azalır – STATİSTİKA
Azərbaycanda atların sayında azalma müşahidə edilib.
Tacxeber.com Modern.az-a istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində ölkəmizdə 49 442 baş at olub.
Bu göstərici 2023-cü illə müqayisədə 3 600 baş azdır. Yəni bir ildə Azərbaycanda atların sayı təxminən 7 faiz azalıb.
2024-cü ildə Azərbaycanda ən çox at saxlanılan iqtisadi bölgə Şəki-Zaqatala olub. Burada 6 876 baş at qeydə alınıb, baxmayaraq ki, bu rəqəm ötən illə müqayisədə 7.7% azalıb. Ən çox atın olduğu rayon da bu bölgədədir. Belə ki, Zaqatala 3 268 baş atla ölkədə birinci yerdədir.
Atların ən çox olduğu digər rayonlar Quba (2 568), Cəlilabad (2 082), Laçın (1 589), Saatlıdır (1 578).
Paytaxt Bakıda isə atların sayında cüzi artım olub. 2023-cü ildə Bakıda 153, növbəti il 157 at olub.
Digər iqtisadi rayonlarda vəziyyət aşağıdakı kimidir:
Qarabağ iqtisadi rayonu – 4 764-dən 4 176-ya düşüb (-12%).
Gəncə-Daşkəsən iqtisadi rayonu – 3 217-dən 3 038-ə düşüb (-5.5%).
Qazax-Tovuz iqtisadi rayonu – 5 253-dən 4 732-yə düşüb (-10%).
Quba-Xaçmaz iqtisadi rayonu – 6 410-dan 5 673-ə düşüb (-11.5%).
Şəki-Zaqatala iqtisadi rayonu – 7 453-dən 6 876-ya düşüb (-8%).
Şərqi Zəngəzur iqtisadi rayonu – 2 930-dan 2 728-ə düşüb (-6.9%).