Mehmet Ali Ağca deyib ki, papa II İoann Paveli öldürmək əmrini Kuziçkindən alıb.

Vladimir Kuziçkin
KQB zabiti olan və SSRİ-nin Tehrandakı səfirliyində işləyən Kuziçkinin 1982-ci ildə Qərbə qaçışı və malik olduğu informasiyanı bölüşməsi İranda kommunist yönümlü Tudə partiyasının darmadağın edilməsinə səbəb oldu.
Vladimir Kuziçkin 1947-ci ildə Moskvada anadan olub. Orta məktəb və hərbi xidmətdən sonra Şərq dilləri institutuna (1972-ci ildən Asiya və Afrika ölkələri institutu) daxil olub, İran tarixini və fars dilini öyrənib. 1973-cü illərin sonlarında ilk dəfə İrana gedir və Bafq şəhəri yaxınlığındakı dəmir mədənində bir il tərcüməçi işləyir. Səfərdən əvvəl Dövlət Təhlükəsizlik Komitəsi (KQB) tərəfindən əməkdaşlığa cəlb olunur.
İrandan qayıdıb bir il kəşfiyyat məktəbində təhsil alır və bitirdikdən sonra KQB-nin Birinci baş idarəsində işləməyə başlayır. 1977-ci ildə Tehran səfirliyində konsulluq şöbəsinin əməkdaşı adı altında İrana göndərilir. Burada o, SSRİ-yə casusluq edən İran vətəndaşları ilə əlaqə saxlayır. Belələri arasında Tudə partiyasının açıq və gizli üzvləri xüsusilə çox idilər.
1979-cu ildə qələbə çalan İslam inqilabını müxtəlif görüşlərə malik siyasi qüvvələr birlikdə həyata keçirdi. Şah devriləndən sonra isə onların arasında ixtilaflar ortaya çıxdı. Ayətullah Xomeyninin rəhbərlik etdiyi rejim keçmiş müttəfiqlərini bir-bir sıradan çıxardı; bəzilərinə divan tutdu, bəziləri ilə nisbətən mülayim davrandı.
Bütün bu hadisələr zamanı Tudə hakimiyyətin ən yaxın müttəfiqi oldu. Partiya rejimin atdığı bütün addımları dəstəkləyirdi. Dövlətin yeni adının İslam Respublikası olmasını və vilayəti fəqih institutunu da, ABŞ səfirliyinin tutulmasını da, İnqilab məhkəməsinin sədri Sadeq Xalxalinin 15-20 dəqiqəlik iclasdan sonra dəlil-sübutsuz edam hökmlərini də, digər siyasi qüvvələrə qarşı repressiyaları da.
Belə mövqe təsadüfi deyildi. Tudə klerikal rejimin siyasi müstəvini bütün qüvvələrdən təmizləməsini istəyirdi. Bir gün ruhanilərlə baş-başa qalanda isə ordudakı çoxsaylı kommunistlərin əli ilə hərbi çevriliş edib hakimiyyətə yiyələnmək niyyətində idi. Əgər Əfqanıstanda alınmışdısa, kommunistlərin daha çox və daha nüfuzlu olduğu İranda niyə alınmasın? Bu taktika sovet səfirliyindəki KQB rezidenturası ilə koordinasiya edilirdi.
Bəlkə də alınardı, əgər Kuziçkin olmasaydı. O, 1982-ci il iyunun 2-də Türkiyəyə qaçdı, oradan Britaniyaya getdi. Onun ingilislərin MI6 kəşfiyyat xidməti ilə əvvəldən əməkdaşlıq edib-etməməsi, eləcə də qaçışının detalları aydın deyil.
Londonda ifadə verən Kuziçkin SSRİ-nin İrandakı casusları ilə bağlı bütün bildiklərini danışdı. Məlum oldu ki, casuslar arasında çox yüksək rütbəli zabitlər var. MI6 bu informasiyanı CIA ilə bölüşdü.
London və Vaşinqton İranda bərqərar olan islamçı rejimdən məmnun deyildilər, amma onlar üçün kommunistlər daha pis idi. Çünki o zaman İran SSRİ-nin nəzarətinə keçəcəkdi, Moskvanın Yaxın Şərqdə mövqeləri güclənəcəkdi. Buna görə də Kuziçkinin məlumatları Tehrana ötürüldü. İran kommunistlərinin bir zaman dəstəklədikləri repressiyalar indi bütün amansızlığı ilə özlərinə yönəldi.
Partiyanın rəhbərliyi və 10 minə yaxın üzvü həbs olundu. Onların arasında hətta İran hərbi-dəniz qüvvələrinin komandanı Bəhruz Əfzəli də vardı. 200 nəfərə qədər adam edam edildi. 18 sovet diplomatı ölkədən qovuldu.
KQB 1980-ci illərin ortalarında Vladimir Kuziçkini öldürməyə cəhd etdi, lakin uğursuz oldu. Onun indiki ünvanı və taleyi barədə məlumat yoxdur.
Kuziçkinin “KQB daxilində” adlı kitabı çıxandan sonra Mehmet Ali Ağca bildirdi ki, papa II İoann Paveli öldürmək əmrini Kuziçkindən alıb. Amma Ağcanın sözlərinə tənqidi yanaşmaq lazımdır.