ABŞ İrana qarşı hərbi əməliyyat üçün son hazırlıqlara başladı

ABŞ ilə İran arasında gərginlik yenidən artmaqdadır.
Tacxeber.com Musavat.com-a istinadla xəbər verir ki, ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi “B2 Spirit” strateji bombardmançılarının Dieqo Qarsiya hərbi bazasına göndərilməsinin təsadüfi olmadığını bildirib.
Onun sözlərinə görə, bu bombardmançılar təlim üçün və ya qüvvələrin rotasiyası məqsədilə göndərilməyib. Əksinə, onların bazaya yerləşdirilməsi ABŞ prezidenti Donald Trampın İrana verdiyi iki aylıq vaxt məhdudiyyəti və nüvə danışıqlarının uğursuzluqla nəticələnməsi ehtimalına hazırlıq çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu ilin əvvəlində İran rəhbərliyinə iki ay vaxt verdiyini açıqlamışdı. Məqsəd, nüvə proqramı və regional gərginliklə bağlı diplomatik həll yolu tapmaq idi. Lakin son günlərdə bu prosesdə irəliləyişin olmaması Vaşinqtonda narahatlıq yaradıb.
Məhz bu səbəbdən B2 bombardmançılarının yüksək hazırlıq vəziyyətində Hind okeanındakı strateji mövqedə yerləşdirilməsi, Vaşinqtonun Tehrana “hərbi siqnal” göndərməsi kimi dəyərləndirilir.
Dieqo Qarsiya bazası: Yaxın Şərq üçün mühüm platforma
Dieqo Qarsiya bazası ABŞ-ın Hind okeanında yerləşən, ən mühüm hərbi obyektlərindən biridir. Bu baza ABŞ-ın Yaxın Şərq və Cənubi Asiya bölgələrindəki hərbi əməliyyatlarında strateji rol oynayır. B2 Spirit bombardmançıları isə uzun məsafəli, yüksək dəqiqlikli hücum imkanlarına malikdir və nüvə silahı da daşıya bilir.
İranla aparılan danışıqlarda irəliləyiş olmaması fonunda ABŞ-ın bu cür hərbi addımlar atması bölgədə gərginliyi artırır. Ekspertlər bildirirlər ki, B2 bombardmançılarının bu şəkildə yerləşdirilməsi yalnız psixoloji təzyiq məqsədi daşımır, eyni zamanda hərbi eskalasiyanın reallığını da göstərir.