Görüntü müzakirələrə yol açdı: “Bundan istifadə etməyə çalışacaqlar” – VİDEO

Ramazan bayramı münasibətilə keçirilən tədbirlərdən birində qeydə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Tacxeber.com xəbər verir ki, buna səbəb tədbirdə aparıcı kimi çıxış edən şəxsin geyimi olub.
İnternetdə təsvir olunan imamlara bənzədilən geyimi ilə çıxış edən şəxsə münasibət birmənalı olmayıb.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bu cür davranışı doğru hesab etmir:
“Tarixin dərinliklərindən bəri peyğəmbərlərə, imamlara olan münasibətimiz məlumdur. Həmişə onların ali şəxsiyyətini, böyük əxlaqını, onların hikmətli baxışlarını həyatımıza tətbiq etməyə çalışmışıq.
Doğrudur, son illərdə bir çox filmlər çəkilib. Orada peyğəmbərimizin surətini gizlin saxlamaları şəxsiyyətə olan hörməti ehtiva edir. Amma həzrəti Yusif əleyhissalamla bağlı film də çəkildi. Orada müəyyən mənada bir peyğəmbəri təmsil edən aktyor da oldu. Hər halda hər işin bir niyyəti var. Adamların bunu hansı niyyətlə etdiklərini biz bilmirik. Amma biz məsələyə bu şəkildə yanaşa bilərik ki, biz peyğəmbərlərin gerçək surətlərini təqlid etməkdən daha ziyadə onların əxlaqını, dünyagörüşünü həyatımıza, əxlaqımıza daşımaqla mükəlləfik. O təbrikləri daha fərqli bir adam, fərqli bir dildən edə bilər. Amma hər kəs peyğəmbərlərin, imamların uca əxlaqını təqlid etməyi özünə şərəf bilməli və onu etməyə çalışmalıdır. Bu kimi səhnələr əslində sui-zəndə olan insanlara yeni mövzu, yeni qapılar açır. Ola bilsin ki, sabah da onlar bayaqdan ali görünən bir şəxsi indi adi görməyə başlayacaq, onlar da bundan başqa səhnələrdə başqa cür istifadə etməyə çalışacaqlar. Beləcə də xoş olan bir niyyətin naxoş olan bir qapıya açılmasına səbəb olacaq. Ona görə də bu cür yanaşmalardan daha ziyadə çalışıb onların bizə təlqin etdikləri böyük əxlaqi dəyərləri həyatımıza daşımalı, onu yaşamağa çalışmalıyıq. Biz onların surətini həyatımıza daşımaqla mükəlləf deyilik”, – deyə o söyləyib.