• 02 Aprel 2025 19:24

Mehdiyevin qızı 25 milyonluq davadan növbəti dəfə əliboş çıxdı

Bakı Apellyasiya Məhkəməsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”nin müsadirəsinə dair şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Tacxeber.com musavat.com-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə müəyyən olunub ki, məktəbin inşası “Baku Steel Company”dən mənimsənilən vəsait hesabına həyata keçirilib.

 

Buna görə də nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna sahib deyil. Kamilə Əliyeva illərdir ki, “Bakı Oksford Məktəbi” uğrunda mübarizə aparır. O, ilkin instansiya məhkəməsində məktəbin tam müsadirə edilməsinə etiraz etmişdi.

 

Məktəb “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib. Həmin hökmə görə, Rasim Məmmədovun arvadı Mehriban Məmmədovanın rəhbərlik etdiyi “Bakı Oksford Məktəbi” cinayət yolu ilə qazanılmış pullarla tikilib. Bu səbəbdən dövlət nəfinə alınması hökmdə əksini tapıb. Rasim Məmmədovun ümumilikdə 70 milyonluq əmlakı müsadirə olunub. Apellyasiya və kassasiya instansiyaları Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanuni hesab edib.

 

Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırmaları, çəkişmələri davam edərkən Kamilə Əliyeva susmağa üstün verib. Hökm qanuni qüvvəyə minənə kimi də bu məsələ haqda danışmayıb, məhkəməyə şikayət verməyə tələsməyib. Məktəb icra məmuru tərəfindən 24 milyon 700 min manata satışa çıxarılandan sonra Kamilə Əliyevə hökmdən şikayət vermişdi. Kamilə Əliyeva şikayətində yazırdı ki, Bakı Oksford Məktəbinin 1/2 hissəsi ona məxsusdur. Kamilə Əliyeva ilə yanaşı Mehriban Məmmədova
da Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.

 

Qeyd edək ki, Kamilə Əliyeva keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır.

 

Xatırladaq ki, Rasim Məmmədov barəsində 2022-ci ilin dekabrında hökm çıxarılıb.

 

O, 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Rasim Məmmədov məhkəməsində “Ramiz Mehdiyevi atam qədər istəmişəm” deyib. Eyni zamanda məhkəmədəki çıxışlarından belə anlaşılıb ki, Rasim Məmmədovun həbsi Ramiz Mehdiyevin şikayəti əsasında baş tutub.

Tacxeber.com

Oxşar xəbərlər