“Martın 21 də rəhmətə gedib, arvadı bizdən gizlədib” – Qardaşını itirən xalq artisti
Xalq artisti, sevilən aktrisa Naibə Allahverdiyevanın qardaşı Arif Rusiyanın Samara Vilayətində dünyasını dəyişib. Aktrisa qardaşının ölüm xəbərini dünən canlı yayımda alıb.
Tacxeber.com xəbər verir ki, Moderator.az-a açıqlama verən sənətkar bildirib ki, hələ də şok xəbərin təsirindədir:
“Qardaşım uzun illərdir Rusiyada yaşayırdı. İş adamı idi. Orada ailə həyatı qurmuşdu. Həyat yoldaşı da rus idi. Qardaşım mart ayının 21 də rəhmətə gedib, amma biz dünən bilmişik. Mən nə biləydim ki, Novruz bayramını mən qeyd edən ərəfədə qardaşım haqqın rəhmətinə qovuşub? Çox ağırdır, çətindir. Biz sonuncu dəfə elə mart ayından əvvəl danışıb hal-əhval tutmuşduq. Özümə yer tapa bilmirəm, bütün günü evdə ağlayıram. Heç kim məni nə sakitləşdirə, nə də ovundura bilmir. O qədər yaxşı, xeyirxah insan idi ki.. Hələ də onun ölümü ilə bacarmıram” deyə sənətkar bildirib.
Naibə Allahverdiyeva bildirib ki, həyat yoldaşı qardaşının ölümünü onlardan gizlədib:
“Qardaşımın həyat yoldaşı rus idi. Ömür boyu biz bacı və qardaşları, anamı ondan uzaqlaşdırdı. Qəribə bir qısqanclığı var idi. Qorxurdu ki, biz Arifi Bakıya gətirərik. O anamı belə qardaşımdan ayırdı.. Dəfələrlə zəng edirdim, götürüb deyirdi ki, ya xəstədir, ya da işdədir. Türkiyədə yaşayan bacım və digər qohumlarımız onunla əlaqə qura bilmirdi. İnsanlar bilsinlər ki, əti dırnaqdan ayırmaq nə qədər günahdır. Biz bir qanı daşıyırıq. Arifi Rusiyada müsəlman qayda-qanunlarına uyğun, müsəlman qəbirstanlığında dəfn ediblər. Sağ olsunlar. Hətta dostları həyat yoldaşından mənim nömrəmi istəyiblər, o verməyib. Ona görə də qəfil efirdə görüblər ki, çıxış edirəm. Sonra efirə zəng ediblər. Qardaşımın iki qız övladı var idi. Hazırda iki bacım və 3 qardaşım yaşayır. Bir-birimizə zəng edib ağlayırıq, sızlayırıq. Çox ağır itkidir. Hazırda səhhətim bir o qədər də yaxşı deyil. Bir az toparlanandan sonra Rusiyaya gedib qardaşımın məzarını ziyarət edəcəm” deyə sənətkar bildirib.