• 17 Aprel 2025 02:20

Əgər Tofiq Yaqubluya 15-20 km fiziki məsafədən “rüşvət alma” ittihamı ilə 9 il iş veriblərsə, ……

Bu gün (Red: 07.04.2025-də) Bakı Apellyasiya Məhkəməsinə getmişdim. Orada 3 proses vardı. AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi Kənan Basqalın şikayətinə saat 12-də baxılmalı idi. Guya Kənan bəy kimisə bıçaqlayıb. Nə bıçaq var ortada, nə qan var, nə ölən var, nə yaralanan. Orucluq vaxtı iftardan sonra Kənan bəy yaşadığı məhəllədə gəzməyə çıxarkən kimsə gəlib sürətlə özünü ona çırpıb və bunun adı olub bıçaqlama. Əgər Tofiq Yaqubluya 15-20 km fiziki məsafədən “rüşvət alma” ittihamı ilə 9 il iş veriblərsə, Kənan bəyin adam “bıçaqlaması” bunun yanında toya getməlidir.

 

İş qurama olduğu üçün Kenan Basqalı təcrid vəziyyətində saxlayırlar. Heç kəslə, o cümlədən ailə üzvləri ilə əlaqə saxlamağa imkan vermirlər. Cəbhəçi dostlarını və oğlunu gördüm məhkəmənin qarşısında. Dedi həbs olunandan bəri cəmisi bircə dəfə telefonla zəng edib. Ondan sonra görüşə və telefon zəngələrinə qadağa qoyublar. Görünür “bıçaqlama” əməliyyatı o qədər cəfəngdir ki, Kənən bəyin ailəsi ilə belə əlaqəsin kəsiblər, sovqat almaqdan belə məhrum ediblər. Andersonun nağıllarında olduğu kimi “kral lütdür”.

 

Kənan Basqal adam zad bıçaqlamayıb. Onu Xalq Cəbhəsinin sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğuna görə şərləyib tutublar. Artıq Əli Kərimlinin həbs olunmayan və həbsdən keçməyən mühafizəçisi və köməkçisi yoxdur. Niyaməddin Əhmədov artıq 5 ildir həbsdədir. 5 min 500 manatla guya adam terroru maliyyələşdirməli və dövlət çevrilişi etməliymiş.

 

Böyük ehtiyaclar içində yaşayan Paşa Umudovun cibindən narkotika çıxarmışdılar, özü də külli miqdarda. Bir neçə il zindan həyatı yaşadı, sonra da cəlayi-vətən oldu. AXCP rəhbərliyində təmsil olunan Elxan Əliyevi (insult keçirmiş) daşınmaz əmlak alqı-satqısında vasitəçilik fəaliyyətinə görə “dələduzluq” əməliyyatı qurub 5 il iş verdilər. 3 körpə balası qalıb baxımsız. Əlzamin Salayev də Kıınan Basqal kimi adam “bıçaqlamışdı”.

 

Cəbhənin Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadəni də cibinə narkotika qoyub tutublar. İlham Əliyev cəbhəçiləri xəlifə Harun ər-Rəşid bərməkiləri təqib etdiyindən də betər təqib edir. Anti-konstitusyon yolla dövlətin bütün resursların Cəbhəyə qarşı səfərbər edib. Bir sözlə zülm ərşə dirənib.

 

Kənan Basqal doğru-dürüst, imanlı, etiqadlı bir adamdır. Əyri-üyrü işlərdən çox uzaqdır. Ancaq cəbhəçi olduğuna, cəbhə sədrinə yaxın olduğuna görə tutulub. Ona tikilən torba çırıq-sökükdür. Tamamilə saxta, qurama, öncədən ssenariləşdirlilən və tamaşaya qoyulan bir ittihamla Kənan bəyi tutblar. Onun həbsi Xalq Cəbhəsinə qarşı aparılan təqib kampaniyasının daha bir epizodudur.

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində saat 12-də Bəxtiyar Hacıyevin də məhkəməsi olmalı idi. Onu 14:30 keçirdilər. Kənan Basqalın da, Bəxtiyar Hacıyevin də, qazi Hacı Vəliyevin də şikayətlərini məhkəmə təmin etmədi. Üçü də həbsdə saxlandı. Çünki üçü də siyasidir.

 

P.S. 1979–1980-ci illərdə İran İslam Respublikasının “adam asan hakimi” kimi ad çıxarmış, korrupsiya ittihamı ilə istefaya göndərilmiş Ali Məhkəməsinin sədri Ağayi Sadeq Xalxali bizim məhkəmələrdən daha “ədalətli” hökmlər çıxarırdı. Ən azından o, Tofiq Yaqubluya 15-20 km-lik fiziki məsafədən distans “rüşvət alma” cəfəngiyyatına görə 9 il iş verməyə həya edərdi.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər