Xankəndidə ölən erməni qadının meyiti harada saxlanılır?

“Ermənistan meyiti təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək”.
Tacxeber.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənov APA-ya müsahibəsində deyib.
“Xankəndidə ölən erməni qadının meyiti etibarlı, eyni zamanda, bu məqsədlə tələb olunan bütün zəruri şəraitlərə malik yerdə saxlanılır. Ermənistan meyiti təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək. Ümumiyyətlə, meyitlər meyitxanalarda olan xüsusi soyuducularda saxlanılır. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin respublikanın bütün şəhər və rayon şöbələrində belə soyuducular var.
Soyuducuların temperaturu əməkdaşlar tərəfindən nizamlanır. Lakin soyuducular meyitlərdə çürümə prosesini tamamilə dayandıra bilmir, onu müəyyən qədər ləngidə bilir. Bəzən bu məqsədlə digər əlavə vasitələrdən də istifadə etməyə ehtiyac yaranır, məsələn, meyitin formalinlə fiksasiyası”, – deyə o bildirib.