• 18 Aprel 2025 05:02

Tramp Çinə qarşı ticarət müharibəsi elan etdi – Qısa xronologiya

Tramp Çinə qarşı ticarət müharibəsi elan etdi: rüsumlar 104%-dən 125%-ə qalxdı – Çin isə cavab zərbəsini Trampın ətrafına yönəltdi.

 

Qısa xronologiya:

Tramp Çindən idxal olunan mallara tətbiq olunan gömrük rüsumlarını 20%-dən 54%-ə qaldırır.

Çin buna cavab olaraq ABŞ məhsullarına qarşı 34% rüsum tətbiq edir.

Tramp ikinci dəfə rüsumları 54%-dən 104%-ə qədər artırır.

Çin cavab tədbiri kimi rüsumları 34%-dən 84%-ə qədər yüksəldir.

Tramp rüsumları bir daha artıraraq 104%-dən 125%-ə çatdırır.

 

Çin gömrük rüsumları və ticarət müharibəsində ehtiyatlı və strateji addımlar atmağa çalışır. Ən güclü zərbəni isə birbaşa Trampı dəstəkləyən ştatlara və onun yaxın ətrafındakı milyarderlərə vurmağa yönəldir.

Bu kontekstdə Pekin yüksək texnologiyalı sahələr üçün həyati əhəmiyyət kəsb edən 7 nadir torpaq metalının ixracına məhdudiyyət qoyduğunu açıqlayıb.

 

Bundan sonra xarici şirkətlər ciddi yoxlamadan keçməli olacaqlar: bu materialları kim alır və hansı məqsədlə istifadə edir — bütün bu detallara aydınlıq gətirilməlidir və Çin hökumətinə hesabat verilməlidir. Sadə və birbaşa ixrac dövrü artıq başa çatıb. Məhdudiyyət siyahısına samarium, terbium və lyutetsium kimi elementlər daxildir — bunlar elektronika, hərbi texnologiyalar və reaktiv mühərriklər üçün əvəzolunmazdır.

 

Hazırda Çin bu nadir torpaq metallarının dünya hasilatının təxminən 70%-nə nəzarət edir və bu üstünlüyünü həm siyasi, həm də iqtisadi təsir aləti kimi istifadə etməkdən çəkinmir.

Artıq ticarət qarşıdurması sadəcə rüsumlardan ibarət deyil — bu, hər bir tərəfin planlaşdırdığı strateji bir şahmat oyununa çevrilib. Və Çin bu oyunda ABŞ texnologiya sektorunun “ağrılı nöqtəsinə” təsirli zərbə endirməyə çalışır.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər