• 18 Aprel 2025 01:07

“Sayın qalstuklu müəllimlər, siz vəziyyətin qəliz olduğunu anlayırsınızmı?” – Natiq Cəfərli

Hörmətli Azərbaycan hökuməti, sayın qalstuklu müəllimlər, siz dünyada nə baş verdiyini, ölkənin son RƏSMİ, bir daha, rəsmi statistik rəqəmlərini görüb, vəziyyətin qəliz olduğunu anlayırsınızmı?

 

Rəsmi rəqəmlər sizin ritorikanızı səhv çıxardır, bu məsələyə münasibət bildirəcəksinizmı?!

 

Hökumət tez-tez, “qeyri-neft sektoru fontan vurur, inkişaf edir”, deyir. Tamam, gəlin indi rəsmi idxal-ixrac rəqəmlərinə baxaq – hə, onu da deyim ki, aprel ayının ortasına çatmışıq, Gömrük Komitəsi hələ mart ayının rəsmi məlumatlarını öz saytına asmayıb, deyəsən, rəqəmlər üzağardan deyil.

2024-cü ilin yanvar-fevral aylarında məmləkətin idaxl-ixrac əməliyyatlarının həcmi 7 mlrd. 226 mln. dollar olub – ixrac 4 mlrd. 779 mln. dollar, idxal isə 2 mlrd. 446 mln. dollar təşkil edib. Xarici ticarət saldosu müsbət zonada, 2 mlrd. 333 mln. dollar olub.

 

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın idaxl-ixrac əməliyyatlarının həcmi 8 mlrd. 904 mln. dollar olub. İlk baxışda insan sevinir – məmləkətin ticarət dövriyyəsi 1 mlrd. 678 mln. dollar artıb. Amma “şeytan detallardadır” – ixracımız 4 mlrd. 766 mln. dollar olub, demək olar ki, keçən illə müqaisədə dəyişməyib, amma idxalımız 4 mlrd. 138 mln. dollara yüksəlib. Keçən ilin eyni dövrü ilə müqaisədə idxal 1 mlrd. 692 mln. dollar artıb. Ticarət dövriyyəsinin müsbət saldosu cəmi 628 mln. dollar təşkil edib.

 

Hörmətli Mikayıl müəllim və hökumətin iqtisadi komandası, bu nə hikmətdir ki, sizlərin israrla, “qeyri-neft sektoru məhsullarının istehsalı və ixracı artır”, tezisinizə baxmayaraq, ölkənin idxaldan asılılığı kəskin artıb – bunu necə izah edə bilərsiniz?!

 

Tam əminliklə proqnoz vermək olar ki, indiki azalan neft qiymətləri fonunda mart, əsasən də aprel ayından başlayaraq ixracımızın ümumi dəyəri nəzərəçarpacaq dərəcədə azalacaq. Cəmi 2-cə borudan asılı olan bəsit iqtisadi modelimiz bu gedişata hazırdırmı?! Ölkəmiz ərzaq məhsullarında 70%-ə, yüngül sənaye məhsullarında 80%-ə, dərman və tibbi ləvazimatda 90%-ə, məişət texnikası, avtomobil ehtiyat hissələri, elektrotexnika, maşın və avadanlıqlarda 100%-ə yaxın xaricdən asılıdırsa və bu nisbət onillərdir faiz ifadəsində (mütləq rəqəmlərdə dəyişiklik var) dəyişmirsə, məmləkəti hara aparırsınız?! Niyə problemləri görməzdən gəlirsiniz, elə bilirsiniz ki, problemi görməyəndə, müzakirə etməyəndə onlar öz-özünə həll olunur, və ya yoxa çıxır?!

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər