• 18 Aprel 2025 05:37

Azərbaycanda bu da oldu – “Whatsapp” hesabında paylaşdığı videoya görə işdən qovuldu.

ASAN Xidmətin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin işçisi Banu İsmayılova “Whatsapp”da paylaşdığı tənqidi videoya görə işdən çıxarıldığını iddia edir.

 

Bu barədə öz “Facebook” hesabında məlumat verən İsmayılova, həmçinin qurumun səlahiyyətli nümayəndələrinin işçiləri əmək müqaviləsində nəzərdə tutulandan fərqli şərtlərlə işlətdiklərini bildirir. Onun sözlərinə görə, tələb və təkliflərlə çıxış edən işçilər hədəfə alınır, şərəf və ləyaqətləri alçaldılır, edilən şikayətlər adekvat araşdırılmır, etiraz edən işçilər tez-tez işdən qovulmaqla təhdid olunur.

 

Meydan TV-yə açıqlama verən İsmayılova bildirir ki, onun işdən çıxarılmağına səbəb qeyd etdiyi şikayətlərə eyham vuran “iş yerində zəhərli münasibətlər” məzmunlu informativ sosial şəbəkə videosunu öz “Whatsapp” hekayəsində paylaşması olub:

 

“7 fevral tarixində paylaşdığım videodan sonra, 10 fevral tarixində mənə bildirdilər ki, səhəri gün ofisə getməliyəm. Ofisdə məni paylaşdığım videoya görə dəvət etdiklərini dedilər. Məndən necə belə bir video paylaşa bildiyimi, nələri nəzərdə tutduğumu soruşdular. Bildirdim ki, daha əvvəl də rəhbərliyə, insan resurslarına narazılıqlarımla bağlı müraciət etmişəm; lakin yetəri qədər araşdırılmayıb və tədbir görülməyib. Həmçinin mənim kimisə hədəf göstərmədən şəxsi hesabımda paylaşdığım sosial şəbəkə videosunda qeyri-adi heç nə yoxdur. 18 fevral tarixində isə mənə bildirdilər ki, 28 mart tarixində müqaviləm yenilənməyəcək, soruşduqda isə bildirdilər ki, paylaşdığımız şeylərdə diqqətli olmalıyıq. Müqaviləmi yeniləmədilər və işdən azad edildim.”

 

İsmayılova bildirir ki, o 6 il 8 ay “ASAN Viza”da çalışıb və bu müddət ərzində müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsi ilə dəyişdirilməyib:

 

“Eyni qurumda 5 ildən artıq işləməyimə rəğmən, mənim müqaviləmi müddətsiz əmək müqaviləsinə dəyişdirmədilər. Əvvəl ASAN Viza ASAN Xidmətin tabeliyində olan “e-gov”a tabe idi, daha sonra “e-gov” ləğv edildi və ASAN Viza ASAN Xidmətin tabeliyindəki digər quruma-İnnovasiyalar Mərkəzinə keçdi və bizim həmin iş üzrə əmək tarixçəmiz sanki yenidən açıldı. 5 ildən çox eyni işdə işləməyimizə rəğmən, qanuni haqqımız olan müddətsiz əmək müqaviləsinə keçirilməmişik”. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər