Merts Almaniyanın yeni hökumətini elan edir.

Fridrix Merts
Almaniya Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts yeni koalisiya hökumətinin formalaşdırılması ilə bağlı danışıqların başa çatdığını elan edərək yeni hökumətin mayın əvvəlində fəaliyyətə başlamağı planlaşdırdığını bildirib.
Merts Rusiya prezidenti Vladimir Putinin Ukraynada davam edən işğalına və ABŞ-nin tariflərinə istinad edərək koalisiya danışıqlarının “artan beynəlxalq siyasi gərginlik” fonunda baş tutduğunu qeyd edib.
“Rusiya təcavüzkarı – Putin müharibəni bitirməyə və silahların susmasına icazə verməyə hazır olmadığını göstərir. Eyni zamanda, iqtisadi qeyri-müəyyənliklər hədsiz dərəcədə artır. Elə bu həftə ABŞ hökumətinin qərarları yeni təlatümlərə səbəb olub”, – Merts deyib.
Merts maliyyə naziri olacağı gözlənilən Lars Klinqbaylın başçılıq etdiyi Sosial Demokrat Partiyası (SPD) ilə koalisiyada Almaniyanın yeni kansleri olacaq.
Ukraynaya dəstək
Yeni hökumət elan edilən kimi onun 144-səhifəlik siyasət planı dərc olunub və sənəddə Ukraynaya güclü dəstək vədi ifadə edilib.
“Biz Ukraynanın Rusiya təcavüzünə qarşı özünü effektiv şəkildə müdafiə edə bilməsi və danışıqlarda mövqeyini qoruyub saxlaması üçün hərtərəfli dəstək göstərəcəyik”, – sənəddə deyilir.
Hazırkı kansler Olaf Şolts 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından bəri Ukraynaya hərbi və iqtisadi yardımın əsas təminatçılarından biri olub.
Müxalifət lideri olduğu dövrdə Merts hökuməti bu sahədə daha çevik və cəsarətli olmağa çağırırdı. Lakin bunun praktiki baxımdan nə ifadə edəcəyi hələ ki, aydın deyil.
Yeni hökumətin Almaniyanın müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artıracağı da gözlənilir, lakin bu artımın dəqiq miqdarı hələ açıqlanmayıb. Merts hələ vəzifəyə başlamamışdan əvvəl Almaniya parlamentindən konstitusiya islahatını keçirə bilib. Bu islahat hökumət borcuna tətbiq olunan sərt məhdudiyyətlərin artıq müdafiə xərclərinə şamil olunmamasını təmin edir.
“Hazırda təhlükəsizliyimiz Soyuq müharibənin bitməsindən bəri heç vaxt olmadığı qədər təhdid altındadır. Ən böyük və birbaşa təhlükə Rusiyadan gəlir”, – yeni koalisiyanın siyasət sənədində qeyd olunur. (AzadlıqRadiosu)