Neft kəskin ucuzlaşır: Azərbaycan üçün HƏYƏCAN TƏBİLİ
Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın yeni tariflərlə bağlı qərarından sonra neftin qiyməti kəskin ucuzlaşıb. Belə ki, təxminən 70 dollar səviyyəsində olan neft qiymətləri 60 dollaradək düşüb. Hazırda dünyanın ən böyük neft ixracatçıları siyahısında ilk üçlükdə olan Səudiyyə Ərəbistanı, Rusiya və İraqda bununla bağlı ajiotaj var. OPEC plyus ölkəsi hesab olunan Azərbaycan dünyanın 21-ci neft ixracatçısıdır. 2025-ci ilin dövlət büdcəsində neftin barelin 70 dollardan hesablansa da, hazırda bu rəqəm 64 dollar edib. Ekspertlər hesab edir ki, neft qiymətlərinin aşağı enməsi qarşıdakı aylarda da davam edəcək.
Tacxeber.com xəbər veriri ki, bununla bağlı Moderator.az-a danışan iqtisadçı Natiq Cəfərli deyir ki, getdikcə neftin qiymətinin düşməsi ehtimalları artır:
“Lakin Azərbaycanda neftin qiymətlərini günlük dəyişkənliklər əsasında dəyərləndirmək doğru yanaşma deyil. Təbii ki, bu dəyişikliklər izlənilməlidir, amma əsas göstərici illik ortalama qiymətdir. Hazırda ilin əvvəlindən etibarən Azərbaycan neftinin orta qiyməti 75 dollardan yuxarıdır – yəni dövlət büdcəsində nəzərdə tutulmuş 70 dollarlıq proqnozdan daha yüksək. Ancaq bu, müsbət dinamikanın davam edəcəyi anlamına gəlmir, çünki müşahidə olunan trend təhlükəlidir. Yəni neftin qiyməti 60 dollardan aşağı düşüb bir neçə ay o səviyyələrdə qalarsa, problemlər olacaq. Bu zaman ölkədə makroiqtisadi göstəricilərlə bağlı ciddi problemlərin olması qaçılmaz olacaq. Məsələn, ticarət balansımızda mənfi saldo yaranacaq, valyuta gəlirlərimiz azalacaq, manata basqılar yüksələcək. Bu uzunmüddətli bir trend baş verəcəksə, gözləniləndir”.
İqtisadçı vurğulayır ki, Azərbaycanda büdcəyə baxılması neftin qiymətindən asılı deyil. Hər il büdcə qəbul olunur, adətən may-iyun aylarında iqtisadi vəziyyətə uyğun olaraq yenidən nəzərdən keçirilir:
“2025-ci ildə də bu ənənənin davam etməsi, iyun ayında büdcəyə dəyişikliklərin edilməsi gözləniləndir. Bu dəyişikliklərin miqyası isə dünya iqtisadiyyatındakı ümumi vəziyyət və neftin qiymətindəki sabitlikdən asılı olacaq”.
“Manatla bağlı məsələyə gəldikdə isə burada qərarlar inzibati xarakter daşıyır. Obrazlı desək, Azərbaycan manatı “kağız neft” funksiyasını daşıyır – yəni onun dəyəri birbaşa olaraq neftdən asılıdır. Əgər neftin qiyməti uzunmüddət aşağı səviyyələrdə qalsa, manatın dəyərdən düşməsi aktuallaşacaq və bununla bağlı inzibati qərar verilməsi ehtiyacı yaranacaq”,- deyə Natiq Cəfərli qeyd edib.