Rusiya iqtisadi tələyə düşdü və çıxış yolu tapa bilmir.

Trampın dünyaya elan etdiyi ticarət müharibəsi gözlənilməz effekt verdi və Rusiya üçün boynuna asılan saatlı bombaya çevrildi. Tramp-Putin tandemi isə bu prosesin nəticələrini düzgün hesablaya bilmədi.
Nə baş verir?
Rusiyanın apardığı işğalçı müharibə iqtisadiyyata ciddi zərbə vurur və dövlət büdcəsində kəskin defisit yaradır. Bu defisiti bağlamaq üçün Rusiya Mərkəzi Bankı faiz dərəcəsini 21%-ə qədər artırıb və dövlət istiqrazlarını bazara buraxmağa başlayıb.
Tələnin mexanizmi:
Büdcədə defisit var: Gəlirlər xərcləri, xüsusən də hərbi xərcləri qarşılaya bilmir.
Defisiti bağlamaq üçün istiqrazlar bazara buraxılır: Dövlət vətəndaşlardan, banklardan və fondlardan borc alır.
Faiz dərəcəsi yüksəkdir: Bu da istiqrazlar üzrə öhdəliklərin bahalaşmasına səbəb olur.
2025-ci ilin birinci rübündə Rusiya təkcə istiqraz faizləri üçün 8 milyard dollar ödəyib.
Ödənişləri qarşılamaq üçün daha yüksək faizlə yeni istiqrazlar buraxılır.
Bu proses nəticəsində borc yükü sürətlə artır və büdcə dəliyi böyüyür. İqtisadçılar proqnozlaşdırırlar ki, 2025-ci ildə yalnız istiqraz faizlərinə ödəniləcək vəsait, vergi gəlirlərinin yarısına bərabər olacaq. Beləliklə, Rusiya borc spiralına düşür: yeni borclar yalnız süqutu sürətləndirir.
Yüksək faiz — sabitlik deyil, tələdir.
Əvvəllər iqtisadi sabitlik aləti kimi görünən yüksək faiz dərəcələri indi Rusiya üçün çıxılmaz bir tələyə çevrilib. İndi inflyasiyadan xilas olmaq üçün borc artır, borcu azaltmaq üçün isə inflyasiya riski yüksəlir. Rusiya özünü qapalı bir iqtisadi dairəyə salıb.
Tramp-Putin tandemi nəyi düzgün hesablaya bilmədi?
Tramp prezident seçildikdən sonra Putin bir müsahibəsində “Tramp Avropanı tez bir zamanda yerinə otuzduracaq və onlar ağalarının (Trampın) ayağına qaçacaqlar” demişdi. Amma bu baş vermədi. Avropa Trampın siyasətinə ciddi etiraz etdi.
Bu tandemin ilk böyük sınağı Trampın Avropaya “Rosselxozbank” üzərindən sanksiyaları ləğv etdirmək tələbi oldu. Avropa bu tələbi qətiyyətlə rədd etdi. ABŞ-ı fövqəldövlət edən əsas amil onun etibarlı müttəfiqləri idi. Tramp bu münasibətləri zədələməklə təkcə öz gücünü deyil, eyni zamanda Putinə dəstək imkanlarını da zəiflətdi.
Trampın düzgün hesablaya bilmədiyi başqa vacib məqam isə ticarət müharibəsinin nəticələri oldu. O, düşünmürdü ki, dünya buna müqavimət göstərəcək. Amma dünya qarşılıq verdi və nəticədə neft qiymətləri kəskin şəkildə endi. Bu isə neftdən asılı Rusiya iqtisadiyyatı üçün böyük fəlakət deməkdir və ABŞ-Çin iqtisadi savaşı davam edəcəyi təqdirdə neftin qiyməti davamlı enəcək.
Rusiya iqtisadi baxımdan çıxılmaz bir vəziyyətə düşüb. Yüksək faizlərlə borclanma, azalan gəlirlər və artan xərclər ölkəni borc bataqlığına sürükləyir. Trampın başladığı ticarət müharibəsi və beynəlxalq təcrid siyasəti isə bu süqut prosesini daha da sürətləndirib. Tramp-Putin cütlüyü bunu hesablamadı, Tramp, Avropanı tez bir zamanda “sözəbaxan uşaq” etməyə planlayırdı, alınmadı, Avropa, ABŞ-dan asılı olmayan geosiyasi və geoiqtisadi qütb olmaq qərarını verdi.