• 18 Aprel 2025 21:37

Nə vaxtsa, Azərbaycan da normal ölkələr sırasına daxil olacaq…

Tofiq Yaqublu həbsdə aclıq edir. Səbəb bəllidir. Tofiq bəyi saxta ittihamlarla şərləyib zindana atıblar. Niyə şərləyirlər? Çünki o, radikal şəkildə iqtidarı tənqid edir. Xüsusən İlham Əliyevi və Mehriban Əliyevanı hədəf alır. Elə ona görə də istənilən etiraz aksiyası zamanı Tofiq bəy dərhal tutulurdu. Ondan çox saxlanılan siyasətçi yoxdur. O, 30 dəfədən çox polis idarəsinə aparılıb. Orada onu döyublər, söyüblər, təhqir ediblər. Yadınızdadırsa, bir dəfə onun hər iki gözünə elə yumruq zərbələri vurmuşdular ki, yaranmış şiş gözülərini tamamilə örtmüşdü. O məşhur foto Azərbaycan hüquq-mühafizə orqanlarının hansı metodlarla işlədiyini açıq şəkildə ortaya qoyur. O şəkili görən kəs heç vaxt Azərbaycanda insan hüquqların mövcudluğuna inanmaz. Bu, mümkün olan şey deyil…

 

Təbii ki, mən də Tofiq bəyin dərhal azad olunmasını istəyirəm. Ümumiyyətlə, Azərbaycanda sayı 350 nəfəri keçən bütün siyasi məhbusları buraxmaq lazımdır. Bu barədə min dəfə yazmışam. Ancaq bizim başbilənlər sərt xətt tərəfdarı qismində çıxış edirlər. Mənim baxışıma görə, bir ölkədə ki bu qədər siyasi məhbus var, deməli, o ölkə anormaldır. Məsələn, 21 ildir ki, yaşadığım İsveçrədə nəyinki siyasi məhbus yoxdur, hətta heç belə anlayış mövcud deyil.

 

Mən istərdim ki, Azərbaycan mədəni və demokratik dəyərlərə sahib bir ölkə olsun. Təəssüf ki, bu, belə deyil. Hər halda ümid edirəm ki, nə vaxtsa, Azərbaycan da normal ölkələr sırasına daxil olacaq…

 

Bəli, mən arzu edirəm ki, bütün siyasi məhbuslar əfv olunsun. Təbii ki, mən həbsdə olan siyasi məhbusların əksəriyyətinin siyasi baxışlarını bölüşmürəm. Məsələn, biri elə Tofiq Yaqublu. Bu barədə əvvəl də yazmışdım. Tofiq bəy iddia edirdi ki, İlham Əliyev Füzulidə və Zəngilanda ona görə hava limanı tikdirir ki, nə vaxtsa xalq ayağa qalxıb İlham Əliyevi devirəndə cənab prezident Bakıdan maşınla aradan çıxıb özünü və ailəsini həmin hava limanlarından birinə çatdıracaq. Oradan da təyyarəyə minib hansısa ölkəyə qaçacaqlar…

 

Təbii ki, bu, bişmiş toyuğun da güləcəyi bir iddia idi. Tofiq bəyin çıxışlarında bu kimi epizodlar çox olub. Ancaq bu, heç də o demək deyil ki, Tofiq bəyi həftə səkkiz, mən doqquz həbs edib zindana atmaq lazımdır.

 

Mən öz payıma Azərbaycan iqtidarını bir daha bütün siyasi məhbusları, o cümlədən Tofiq Yaqublunu da azad etməyə çağırıram. Onu da xatırlatmağı lazım bilirəm ki, I Qarabağ Müharibəsində Tofiq bəy əlində silah erməni separatçılarına qarşı vuruşub, özü də şücaətlə. Siyasətçi Tofiq Yaqublu xoşunuza gəlmir, onda onu qazı Tofiq Yaqublu kimi azad edin. Azadlıqda yaşamaq Tofiq bəyin doğal haqqıdır. Özü də Tofiq bəyin o qədər xəstəliyi var ki. Ovuc-ovuc dərman qəbul edən adama axı necə 9 il iş vermək olar?…

 

ELbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər