Emin İbrahimova 7 il həbs cəza
Azərbaycanın ABŞ-dəkı səfirliyində katib, Uruqvaydakı diplomatik missiyada müvəqqəti işlər vəkili vəzifələrində çalışmış Emin İbrahimova 7 il həbs cəzası kəsilib. Aprelin 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsiylə təqsirli bilinib. Keçmiş diplomata həm də CM-in 221.3 (silah qismində əşyadan istifadə ilə xuliqanlıq) maddəsiylə ittiham verilmişdi. Bu maddəni məhkəmə ittihamdan çıxarıb.
44 yaşlı E.İbrahimov Kamal Şükürov adlı şəxsi bıçaqlamaqda ittiham olunur.
Hökmdən öncə son sözündə E.İbrahimov deyib ki, əslində, onun özünə qarşı dövləti cinayət törədilib. Onun sözlərinə görə, heç vaxt əli dəyməyən bıçaqdan ekspertiza əl izlərini çıxarıb: “Bu iş tamamilə uydurmadır və burada baş verənlər də məhkəmə yox, tamaşa idi. Ona görə mən özümü hüquqi cəhətdən müdafiə etmədim. Çünki bu tamaşanı legitimləşdirmək olardı. Mənə qarşı dövləti cinayət törədilib, bunun da sifarişçisi (prezident) İlham Əliyevdir”.
Xatırlatma
E.İbrahimov ötən il iyulun 22-dən həbsdədir. O, 2020-ci ildə xarici işlər nazirinə ərizə yazıb ölkədə insan hüquq və azadlıqlarının boğulduğunu, seçkilərin saxtalaşdırıldığını vurğulayıb və belə bir vəziyyətdə işləmək istəmədiyini bildirərək diplomatik xidmətdən azad olunmasını istəyib.
Daha öncə 2023-cü il sentyabrın 20-də həbs edilən keçmiş diplomata o zaman İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirmə) maddəsiylə 30 sutka həbs cəzası verilmişdi. Həmin vaxt da E.İbrahimov bildirmişdi ki, yayılması yasaqlanan heç bir bilgini yaymayıb. Onun sözlərinə görə, etik çərçivəni, qanunları pozmadan öz fikirlərini sosial media hesabında paylaşıb və buna görə cəzalandırılıb. (AzadlıqRadiosu)