• 12 Aprel 2025 23:30

Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat.

Dəyərli qələm əhli, əziz jurnalistlər, uzun illərdir ki, hamınıza maksimal açıq şəkildə fəaliyyət göstərirəm, ölkə xaricində olanda belə suallarınızı cavablandırmağa çalışıram, gün ərzində telefonla, ən azı, 8-10 arası şərh verir, həftədə 5-6 dəfə canlı yayımlara qonaq oluram – icazə verin sizə kiçik bir iradımı bildirim: Parlamentdə müxtəlif səsvermələrlə bağlı məlumatlar çox az yayılır, Milli Məclisin işi az işıqlandırılır, halbuki, bu çox vacib məsələdir, ölkədə seçkiyə marağın artırılmasına xidmət edə biləcək mövzudur.

 

Sizlər görürsünüz ki, bir çox məsələlərlə bağlı səsvermədə əlehinə cəmi BİR səs olur, ehtimal edə bilərsiniz ki, bu REAL-ın təmsilçisinin səsidir, çünki, prinsipial məsələlərdə həmişə öz mövqeyimiz var. (məsələn, Partiyalar haqqında qanunun əlehinə, QHT-lə bağlı qanunun əlehinə, 2025-ci il büdcəsinin əlehinə, və s. səs vermişik).

 

Dünən Xanlar Vəliyevin hakim təyin olunması məsələsinə tək REAL Partiyası əlehinə səs verib – amma KİV-lərdə bu haqda bir məlumat getmədi. Hər gün dəfələrlə zəng edirsiniz, cəmiyyət üşün maraqlı bu məsələdə də bir dəfə zəng edib soruşa bilərdiniz ki, REAL necə səs verib – amma soruşmursunuz, məncə, biz birlikdə Parlamentin işinə marağı artırmalıyıq.

 

Siz jurnalistlər, qələm əhli ölkə üçün çox vacib işlə məşğulsunuz, bütün çətinliklərə, çərçivələrə baxmayaraq cəmiyyətin bilgiləndirməsində misilsiz rolunuz var, buna görə hamınıza təşəkkür edirəm, ricam da budur ki, hamımız ölkənin, dövlətin güclənməsi üçün, Milli Məclisə vətəndaş nəzarətinin yaranması üçün birlikdə daha əzmlə çalışaq. Eşq!

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər