• 15 Aprel 2025 22:56

4 milyonluq dələduzluq: Zərərçəkən məhkəməyə məcburi gətiriləcək

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Tacxeber.com apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər iştirak etməyib.

 

Hakim bununla bağlı vəkilə irad bildirib.

 

Vəkil qeyd edib ki, zərərçəkənlərdən Babək Məmmədzadə işi ilə əlaqəli prosesdə iştirak edə bilmir. Keçən prosesə gəlsə də, məhkəmə keçirilməyib və o, hazırda ölkə xaricindədir.

 

Məhkəmə zərərçəkən Yadigar İsrafilovun prosesə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.

 

Proses aprelin 24-də davam etdiriləcək.

 

Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər – Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

 

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

 

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

 

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

 

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

 

Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.

Tacxeber.com

Oxşar xəbərlər