Yaxın gələcəkdə biz bu xəbəri oxuyacağıq: Rövnəq Abdullayevlə Elxan Məmmədov həbs olundu
AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında sensasion etiraflar etdi. O, Azərbaycan futbolunun hazırkı durumunun yaxşı olmadığını bildirdi. Gəlin əvvəlcə Cahangir Fərəcullayevin dediklərini oxuyaq:
“Əsas millimizin nəticələri hamımızı üzür. Avropa futbolunda autsayderlər sırasındayıq. AFFA-da kadr çatışmazlığı var. Müasir futbol idarəçiliyi qarşımıza ciddi tələblər qoyur. Ona görə AFFA-nın strukturunda ciddi dəyişikliklər olacaq. Hər şeyi sıfırdan başlamalıyıq. Yalnız bunu gerçəkləşdirməklə, strategiyanı həyata keçirmək olar. Bundan ötrü xüsusi qrup yaradılacaq.
Uşaq futbolunun inkişafı üçün yaxşı infrastruktur lazımdır. Hazırda bir nömrəli problem məşqçi qıtlığıdır. 10 milyonluq ölkə üçün cəmi 7 təlimçimiz və qapıçı üzrə 1 instruktorumuz var”.
Dəhşətli etirafdır. Niyə dəhşətli? Ona görə ki, illərdir bizim bar-bar bağıraraq dediklərimiz ilk dəfədir ki, AFFA rəhbərliyi tərəfindən etiraf olunur.
Bu, etiraf deyil, həm də mesajdır, anonsdur, xəbərdarlıqdır: İllərdir Azərbaycanda futbola milyardlar ayrılıb, amma heç bir iş görülməyib. Hər şey sıfır səviyyəsindədir.
Yəni 16 il ərzində Rövnəq Abdullayevlə Elxan Məmmədov birlikdə bu milyardları mənimsəyiblər.
Maraqlı sual yaranır: Cahangir Fərəcullayevin bu etirafı hansı məqsədi güdür? Burada iki versiya ola bilər.
Birinci versiya: Baş katib AFFA-ya yönələn sərt tənqidlərin fonunda alibi axtarır. Ən yaxşı alibi isə hər şeyi əvvəlki rəhbərliyin üzərinə yıxıb müəyyən müddət ictimai fikirlə manipulyasiya etməkdir.
İkinci versiya: AFFA rəhbərliyi ölkə futbolunun real durumunu bilir və bunu ictimaiyyətlə bölüşür. Real durumu açıqlamaqla, AFFA rəhbərliyi cəmiyyətə mesaj ötürür ki, yaxın vaxtlarda ölkə futbolunda, xüsusən də milli komanda nəticə gözləməyə dəyməz. Çünki heç bir potensial yoxdur. Və həm də deyir ki, problemlərin olduğunu etiraf edirik və iş görmək niyyətindəyik.
Məqsəd ikinci variantdırsa, alqışlanmalıdır. Zatən biz deyirdik ki, bu yığmadan nəticə gözləməyə dəyməz. İndi işə başlanılsa, yığma səviyyəsində nəticə ən azı 10 ildən sonra olacaq. Özü də əvvəlcə aşağı yaş qrupları üzrə yığmalar nəticə verməlidir, sonra isə əsas milli. Bu aksiomadır.
Ümid edək ki, AFFA rəhbərliyi həqiqətən də iş görmək istəyir. Amma başqa bir sual da açıq qalır: Bu etirafdan sonra Rövnəq Abdullayevlə Elxan Məmmədov haqqında hansı tədbirlər görüləcək? Dövlətin futbolun inkişafı üçün ayırdığı milyardları mənimsəyiblər və indi də xımır-xımır yeyirlər.