Azərbaycan futbolunda yaranan QALMAQALIN səbəbkarı o imiş
Elvin Camalovla “Sabah” arasında yaşanan qalmaqal ötən həftəyə damğa vurdu.
“Neftçi”nin yarımmüdafiəçisinin kubok matçı çərçivəsində “Sabah”la baş tutan oyundan əvvəl keçmiş komanda yoldaşlarından birinə (rəsmi açıqlanmasa da, bu, Cesse Sekidikadır – H.) “Neftçi”də oynamağı təklif etməsi klub rəhbərliyinin qulağına çatınca, emosiyalar qızışdı.
Öncə gözləmə mövqeyi tutuldu, ardınca bəyanat yayıldı, AFFA-ya müraciət ünvanlandı, bir sözlə, yekunda futbol ictimaiyyəti olaydan xəbər tutdu.
Hadisədən hali olanlar elə bilir ki, Camalovla Sekidika arasındakı yazışmanı klub rəhbərliyinə nigeriyalı çatdırıb. Sanki qiymətini və hörmətini artırmaq üçün belə bir addım addım atıb. Amma yox.
Aləmi bir-birinə qatan şəxs Cessenin agentidir.
Futbolçu Elvindən mesaj alandan sonra bu barədə menecerinə xəbər verib. Ki, “Sabah”la müqaviləmin müddəti davam edir, burdan da “Neftçi” mənimlə maraqlanır. Nə edək? Necə edək?
Agent də fürsətdən sui-istifadə etmək, müştərisinin dəyərini artırmaq üçün Camalovu pis vəziyyətdə qoyub. Həmin mesajı olduğu şəkildə klub rəsmilərinə atıb ki, yalan danışmıram, inanmırsınızsa baxın.
Bir sözlə, Sekidikanın agenti qaşınmayan yerdən qaç çıxardaraq aləmi bir-birinə qatıb, klubları və futbolçuları üz-üzə qoyub. (Sportinfo)