Adil Qeybulladan Tofiq Yaqublu ilə bağlı həyəcanlı müraciət

“Salam dəyərli dostlar!
Tofiq Yaqublunun sağlıq durumu ilə bağlı daxil olan məlumatlar gözlənildiyi kimi getdikcə ciddi xarakter almaqdadır.
İlk olaraq qeyd edim ki, qida qəbulunun tam kəsilməsi ilə müşayiət olunan aclıq aksiyası 60 yaşdan yuxarı şəxslərdə çox təhlükəlidir. Belə ki, normalda hər bir insan orqanizmi özünü yenidən qurmaq və fəaliyyət göstərmək üçün əksər maddələri mütləq qida kimi kənardan almalıdır. Bunlara doqquz sayda əvəzolunmayan aminturşuları (essensial aminoacids), F vitamini adı altında ümumiləşdirilən əvəzolunmaz doymamış yağ turşuları (essensial unsaturated fatty acids) – alfa-linolen turşusu (Omega 3), araxidon və linolen turşuları (Omega 6), olein turşusu (Omega 9), vitaminlər və minerallar daxildir.
Orqanizm öz daxili resurları hesabına bu maddələri sintez etmək imkanından məhrumdur.
Bir anlığa əlimizi dayanmadan açıb yumun, 10-15 dəqiqədən sonra o yorulacaq, sonrakı hərəkət isə mümkünsüz olacaq. Daha sonra əzəzələrdə süd turşusu toplandığından onlarda ağrı və qıcolmalar yaranacaq. Buna tibbdə Crepatura (Delayed onset muscle soreness) deyilir. İntensiv məşqdən bir sutka sonra baş verən bu cür ağrılar idmançılara çox yaxşı tanışdır.
İndi təsəvvür edin: sözün həqiqi mənasında ilahi möcüzə sayılmalı olan ürək əzələsi on illər ərzində yorulmadan necə döyünür və onun qidalanması və fəaliyyəti üçün lazım olan maddələr çatmadıqda nələr baş verə bilər? Yaxud dünyanın möcüzələrindən biri, fikir istehsal edən orqan olan beyin toxuması dəqiqələr ərzində qida maddələrinin defisitinə necə kəskin reaksiya verməyə başlayır: baş gicəllənir, göz qaralır, əhval-ruhiyyə dəyişir, koordinasiya və koqnitiv funksiyalarda getdikcə yüksələn deviasiyalarla özünü göstərir, nəticədə komatoz durum yaranır və ölüm baş verir.
Aparılan tədqiqatlara əsasən, 3-4 günlük total qida aclığından sonra oqranizm üzülməyə başlayır, mədə turşusu artaraq onun selik qişasını zədələyir, intensiv sinir-əzələ ağrıları yaranır. Kəskin aclığın ilk günlərində enerji hasilatı üçün piylər sərf olunmağa başlayır, sonralar, yəni 3-cü həftədən başlayaraq bu işə əzələlər də qoşulur. Resurslar getdikcə tükənir, insan sürətlə arıqlayır və autofaqiya – enerji istehsalı üçün orqanizmin daxildə öz toxumalarını yeməsi hadisəsi başlayır. Nəticədə əzələlər, ürək, qara ciyər, böyrək kimi həyati vacib orqanlar parçalanmağa, dağılmağa başlayır, immun müdafiə yetməzliyi yaranır.
Mövcud əzələ kütləsinin 1/3-nin itərsə, bu zaman orqanizmdə anoreksik kaxeksiya (aclığa bağlı üzülmə) və geridönməz proseslər başlayır. Bu isə birbaşa ölümə aparan yoldur. Təsadüfi deyildir ki, 2-ci dünya savaşında ölüm düşərgələrində saxlanılan hərbi əsirlərin böyük əksəriyyəti kaxeksiyanın qurbanı olublar.
Fundamental insan haqları və azadlıqları ilə bağlı beynəlxalq konvensiyalara imza atan bütün dövlətlərdə mövcud protokollar əsasında etiraz mahiyyətli qəsdən aclıq aksiyası keçirən şəxslərin sağlıq durumuna nəzarət ciddi şəkildə həyata keçirilməlidir. Bu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin birbaşa məsuliyyətidir!
Arzuolunmaz nəticələri gözləmədən 65 yaşlı (!) Tofiq Yaqublunun sağlıq durumu dərhal nəzarət altına alınmalıdır. Bu həm də bir mənəviyyat və insanlıq məsələsidir..
Sayğılarla,