Zelenski: Çin Rusiyaya silah verir
Ukrayna prezidenti Volodimir Zelenski Çini Rusiyaya silah verməkdə ittiham edib.
“İnterfaks-Ukrayna” xəbər agentliyi bildirir ki, Zelenski bunu brifinqdə deyib.
“Biz nəhayət məlumat əldə etdik ki, Çin Rusiyaya silah tədarük edir. Hazırda Təhlükəsizlik Xidməti və kəşfiyyat orqanlarından barıt, artilleriya ilə bağlı ümumi məlumatlarımız var”, deyə o bildirib.
Zelenski əlavə edib ki, Çin nümayəndələri silahın bir hissəsinin istehsalını Rusiya ərazisində həyata keçirirlər.
Ukrayna prezident xatırladıb ki, Çin prezidenti Si Tsinpinlə söhbəti zamanı o, Rusiyaya silah satmayacağına və tədarük etməyəcəyinə söz verib:
“Amma təəssüf ki, biz indi fərqli məlumatlar görürük. Artıq Çin və Rusiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş bu işləri təsdiqləyən faktlar var”.
“Reuters”-in və “Open Source Centre”-in jurnalistləri daha əvvəl müəyyən ediblər ki, hazırda Rusiya ordusu tam şəkildə Şimali Koreyadan gələn mərmilərdən asılıdır.
Onların məlumatına görə, 2023-cü ilin sentyabr ayından (Rusiya müdafiə naziri Sergey Şoyqunun Pxenyana səfərindən sonra) Şimali Koreyadan Rusiyaya 4-6 milyon artileriya mərmisi göndərilib. (ToplumTV)