5 yaşında onun boyu162 sm, 22 yaşında dəfn edilərkən isə tabutun uzunluğu 300 sm-dən çox idi.
“Zərif nəhəng”: tarixin ən ucaboy kişisinin faciəli hekayəti
Sifarişlə parta, xüsusi avtomobil, 3 metrlik tabut…
Robert Uodlou tarixdə ən hündür adam sayılır. Onun boyu 272 sm, çəkisi isə 199 kq olub.
Körpə Robert dünyaya gələndə onun valideynləri heç təsəvvür etməzdilər ki, oğulları bir neçə ildən sonra necə olacaq. Sağlam doğulmuşdu və tamamilə standart proporsiyalara malik idi. Amma həyatının ilk ilindən sonra boyu və çəkisi sürətlə artmağa başladı.
Robert Uodlou 1918-ci il fevralın 22-də İllinoys ştatının Olton şəhərində dünyaya gəlib. Bir yaşına qədər digər körpələr kimi böyüyüb, tədricən çəkisi artıb, yaşına uyğun parametrlər çərçivəsində olub. Ömrünün ilk 12 ayından sonra isə valideynləri oğullarının, demək olar, “günbəgün yox, saatbasaat” böyüdüyünü fərq etdilər.
Robertin 5 yaşı olanda boyu yetkin qadının yaşına uyğun idi: 162 sm. 8 yaşında atasını ötdü, 13 yaşında isə 223 sm həddinə çatdı. Onun bədəni hətta ölüm anına qədər uzanmaqda davam edirdi. Nəticədə həyatda olduğu zaman ən uzun ölçüsü 272 sm oldu.
Uşağın atasının yetərincə hündürboy olmasına baxmayaraq, belə anomaliya yalnız Robertin payına düşdü – bacıları və qardaşı standart parametrli idilər.
Robert Uodlou niyə belə sürətlə böyüyürdü və bu qədər hündür idi?
Bu sualın cavabı oğlanı müayinə edən xeyli həkimi narahat edirdi. Yalnız 12 yaşı olanda mütəxəssislər diaqnoz qoya bildilər və Robertin vəziyyətini “hipofizin hiperplaziyası” kimi müəyyənləşdirdilər. Xəstəlik üzündən Uodlounun orqanizmində hormonların böyümə səviyyəsi olduqca yüksək idi və bu da onun boyunun daim və həddən artıq böyüməsinə səbəb olurdu.
Bu gün tibb belə pozuntu ilə mübarizə aparmağı öyrənib və uyğun preparatlar hazırlayıb. XX əsrin əvvəllərində isə həkimlər yalnız çiyinlərini çəkirdilər və uşağa necə kömək edəcəklərini bilmirdilər.
Mütəmadi böyüyən və Roberti yaşıdlarından açıq-aşkar fərqləndirən ölçülərinə baxmayaraq, valideynləri oğlanın həyatını mümkün qədər “normal” etməyə çalışırdılar. Məktəbə gedə bilməsi üçün xüsusi parta düzəltmişdilər, forması individual sifarişlə tikilirdi. Robert dərslərdən asudə vaxtlarında marka toplayırdı, fotoşəkil çəkirdi və skaut idi. Məktəbi bitirib Şertleff kollecinə daxil oldu – hüquqşünas olmağı planlaşdırırdı.
Amma Robert özünə karyera qura bilmədi.O, məktəb illərində özünü yetərincə normal hiss edirdi, gəncliyində isə sağlamlıqla bağlı problemləri yarandı. Əvvəlcə ayaqlardan başladı – Robert zaman-zaman baldırlarında və pəncələrində hissiyyatın olmamasından əziyyət çəkirdi. Sonda ayaq pərçimləri və çəliklə hərəkət etməli oldu. Həkimlər əlil arabasında israr edirdilər, amma Robert prinsipial şəkildə ondan imtina etdi.
Robert Uodlou öz boyuna görə necə məşhurlaşdı?
Uodlounun 18 yaşı olanda onu sirk sahibi olan Rinqlinq qardaşları kəşf etdilər. Onların truppasında cırtdanlar vardı. Sahibkarlar düşündülər ki, anormal hündür adamın cırtdanların fonunda nümayiş olunması daha çox qazanc gətirəcək və Roberti öz şoularına qoşulmağa dəvət etdilər.
Uodlou təkliflə razılaşdı və əsl ulduza çevrildi: çox hündür adama baxmaq üçün Ştatların hər yerindən gəlirdilər. Sirkdəki karyerası ilə yanaşı Robert “Peters Shoe Company” ayaqqabı şirkətinin siması oldu. Atası oğlunun ölkə boyu hərəkət edə bilməsi üçün ailə avtomobilini modifikasiya etdi, oradan ön sərnişin oturacağını çıxardı.
Robert Uodlou özünün boyu ilə bağlı heç vaxt kompleks keçirmirdi. Keçirirdisə də, kimsə xəbərdar deyildi. O, öz fərqliliyini qəbul edirdi və ona yumorla yanaşırdı. Məsələn, televiziya şoularının birində aparıcının küçədən keçənlərin heyrətli baxışlarına necə münasibət bəsləməsi barədə sualına Uodlou belə cavab vermişdi: “Mən onları görmürəm”.
Robert işdən kənarda ən adi və sakit həyat sürürdü. Dostları və qohumları onu həlim və nəzakətli adam kimi xatırlayırlar: bu keyfiyyətlərinə görə Uodlou “zərif nəhəng” ləqəbi qazanmışdı.
Xəstəlik və həyatdan erkən gediş
Ayaqlarında hissiyyatın, demək olar, tam yoxluğu ucbatından Robert diskomfort hiss etmirdi, o cümlədən, pərçim ayağına sürtünəndə. O, 1940-cı ildə Miçiqanda festivalda çıxış edirdi və ayağında suluğu hiss etmədi. İnfeksiya düşməsi nəticəsində yara güclü iltihablandı və Robertin hərarəti qalxdı.
Həkimlər xəstəliyin səbəbini anlayanda qan köçürmə və təcili əməliyyatla gəncə yardım göstərdilər. Amma bütün bunlar Uodlounun həyatını xilas etmədilər və o, iyulun 15-də 22 yaşında vəfat etdi. Onun boyu sonuncu dəfə faciədən iki həftə əvvəl ölçülmüşdü və 272 sm olması qeydə alınmışdı.
Gəncin nəşi valideynlərinə təhvil verildi, onlar da övladlarını çox sevdiyi doğma Olton şəhərində dəfn etdilər. Robertin dəfn olunduğu tabutun uzunluğu 300 sm-dən, çəkisi isə 450 kq-dan çox idi.
Onu dəfnə gətirmək üçün 18 nəfər qüvvətli avarçəkən kişi lazım oldu. Tarixin ən hündürboy adamı ilə vidalaşmağa 1000 nəfər gəlmişdi.