“Bu nağıllar da bitir-bitəcək, hər bir toplum öz gələcətini özü müəyyən etməlidir…” – Natiq Cəfərli

ABŞ elan etdi ki, insan haqları, seçki, demokratikləşmə hər bir ölkənin, toplumun öz daxili işidir – əgər istənilən ölkənin cəmiyyəti, xalqı, vətəndaşları öz haqlarını qorumursa, demokratikləşmə istəmirsə, bunun üçün çalışmırsa, seçkiyə gəlmir və ədalətli nəticələri üçün mübarizə aparmırsa ABŞ nədən bunu etməlidir?!
Maraqlı qərardır, tərcüməsi də budur ki, zatən ABŞ uzun illərdir ki, insan haqları, demokratiya, seçki məsələsini avtoritar ölkələrlə alver predmetinə çevirmişdi, təzyiq aləti kimi istifadə edirdi, indi buna ehtiyac yoxdur, daha effektiv təsir mexanizmləri var, bu “alverdən” gələn dividendlərə lüzum qalmayıb.
Hə, indi kimsə deyə bilər ki, bu avtoritar ölkə liderlərinin əl-qolunu daha da açacaq – bəli, ola bilər, amma istənilən ölkədə dəyişiklikləri xalq istəməli, cəmiyyət tələb etməli, demokratiyaya vətəndaş mövqeyi ilə nail olunmalıdır. Yəni, dəyişikliklər orqanik daxili “məhsul” kimi ortaya çıxmalıdır, xaricdən “idxal” olunan demokratiya işlək və dayanıqlı olmur, əksinə, istənilən xalqın üzərinə əlavə yük kimi düşür – çünki, ABŞ-la “alverdə” avtoritar ölkələr elə xalqa çata biləcək paydan onlara “faiz” ayırır.
Daha bir fəlsəfi nəticə odur ki, demokratiya unversal “resept” deyilmiş, daxildə yetişmədən işləmir, kənardan “inyeksiya” ilə, “calağ” ilə böyümür. Bu paradiqma dəyişikliyi çox vacibdir, toplumların, xalqların, vətəndaşların məsuliyyətini artıracaq faktordur. Bu haqda düşünün, ciddi məsələdir, bizi də bəzi siyasətçilər 30 ildi aldadırdı ki, seçkiyə getməsək legitimlik tanınmayacaq, seçkiləri boykot etsək hökumətə problem yaranacaq, ABŞ, Qərb bizə demokratiya gətirəcək. Bu nağıllar da bitir-bitəcək, hər bir toplum öz gələcətini özü müəyyən etməlidir…