• 20 Aprel 2025 03:22

Dövlət katibi Marko Rubionun ABŞ-ın vasitəçilikdən potensial imtinası barədə bəyanatı: blefdir, yoxsa hədə?

Dövlət katibi Marko Rubionun ABŞ-ın Rusiya-Ukrayna müharibəsində vasitəçilikdən potensial imtinası barədə bəyanatı: blefdir, yoxsa hədə?

 

Dövlət katibi Marko Rubionun Paris görüşlərindən sonra verdiyi bəyanat diqqət çəkdi:

“Biz müəyyən etməliyik: Ukraynadakı müharibəyə son qoymaq mümkündürmü? Əgər bu mümkün deyilsə, prezident yəqin ki, belə deyəcək: ‘Biz bu işi bitirdik.’”

 

Qısa bir tarixi paralel aparmaq yerinə düşər. 2000 il əvvəl Ponti Pilat İsa Məsihin çarmıxa çəkilməsi ilə bağlı məsuliyyətdən yayınmaq üçün məşhur ifadəni işlətmişdi: “Mən əllərimi yuyuram.” Dünən isə Müqəddəs Cümə idi – İncilə görə, həmin gün İsa çarmıxa çəkilmişdi. Rubionun bəyanatı bu tarixi simvollaşma fonunda bir növ Pilatın mövqeyinə bənzəyir: məsuliyyətdən uzaqlaşmaq cəhdi.

 

Hazırda demək olar ki, hər gün jurnalistlər Trampa müharibə ilə bağlı suallar ünvanlayır və ona bu suallara cavab vermək getdikcə çətinləşir. Tramp artıq münaqişənin məsuliyyətini əsasən Ukraynanın və Baydenin, qismən isə Putinin üzərinə atıb. Amma bu taktika əvvəlki kimi işləmir — Tramp ictimai rəy qarşısında zəif görünür.

 

Rubionun bəyanatı faktiki olaraq bir ultimatumdur: əgər tərəflər geri addım atmağa və ortaq razılığa gəlməyə hazır deyilsə, ABŞ “əllərini yuyub” prosesdən kənar qala bilər. Bu, eyni zamanda Rusiyaya yönəlmiş dolayı mesajdır – əgər indi razılaşma baş tutmasa, gələcəkdə daha sərt şərtlərlə üzləşə bilərsiniz. Avropa isə, görünən odur ki, Ukraynaya dəstəyi artırmaq niyyətindədir və bu amil, Rusiyanın diplomatik masada mövqeyini zəiflədəcək.

 

Əgər nəzərə alsaq ki, atəşkəsə əngəl yaradan əsas tərəf Rusiyadır, Rubionun sözlərinin əsas ünvanı da məhz Rusiyadır.

Lakin Rubionun bəyanatını tam ciddi qəbul etmək doğru olmaz. ABŞ-ın bu prosesdən çıxması nə realdır, nə də məntiqlidir — bu, istisnadır. Sadəcə, ABŞ artıq əvvəlki lider mövqeyini itirir, Avropa isə öz rolunu gücləndirir. Tramp isə eyni ritorikanı təkrarlamaqda davam edir. Bütün bu fon Rubionun narahatlığını aydın şəkildə göstərir.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər