Dünya Ticarət Təşkilatından imtina edən Azərbaycanın imzaladığı regional ticarət sazişləri: Qarşılıqlı ticarətdən hansı tərəf daha çox fayda götürür?
Azərbaycan keçmiş SSRİ-nin üç resbublikası (Özbəkistan, Türkmənistan və Belorus) ilə birlikdə Dünya Ticarət Təşkilatına (DTT) üzvlükdən kənarda qalan azsaylı ölkələrdən biridir. Bu təşkilata üzvlüyün gətirdiyi faydalar ayrı bir araşdırmanın mövzusu olduğu üçün təqdim olunan analizdə həmin məsələyə toxunulmur. Yalnız onu demək kifayətdir ki, son 30 ildə rəsmi Bakı DTT-yə üzvlükdən yayınmaq üçün çeşidli bəhanələr gətirməklə yanaşı, ictimai rəyi regional ticarət sazişlərinin hazırkı şəraitdə ölkənin maraqlarına daha uyğun gəldiyinə inandırmağa çalışır.
1992-ci ildən başlayaraq Azərbaycan müharibə vəziyyətində olduğu Ermənistan istisna olmaqla MDB-nin bütün üzv-ölkələri ilə ayrı-ayrılıqda analoji sazişlər imzaladı. [1] İkitərəfli azad ticarət sazişləri MDB ölkələrinə bir-birilərinin gömrük ərazisindən digər ölkənin gömrük ərazisinə birbaşa idxal edilən malların, eləcə də preferensial mənşə sertifikatları təqdim etməklə öz aralarında ticarət etdikləri əmtəələrin idxal gömrük rüsumundan azad edilməsini nəzərdə tutur.
2020-ci ildə isə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarətdə güzəştləri nəzərdə tutan preferensial saziş imzalandı. [2]
İndi əsas məsələ ən azı son 20 ilin statistikasını analiz etdikdə qeyd olunan azad ticarət sazışlərinin Azərbaycanın xarici ticarətinin formalaşmasında hansı rol oynadığına dair müəyyən bir qiymətləndirmənin aparılmasıdır.
MDB dövlətləri ilə azad ticarət sazişlərinin məzmunu
Rəsmi qanunvericilik portalında (e-qanun.az) bütün MDB dövlətləri ilə sazişin mətni ictimaiyyət üçün əlçatan olmasa da, bəzi ölkələrlə bağlanmış analoji sənədin mətninə diqqət yetirdikdə azad ticarətlə bağlı qarşılıqlı hüquq və öhdəliklər aydınlaşır. Lakin bu sazişlərin tərkib hissəsi olan protokolların mətni, demək olar, açıqlanmır.
Nümunə kimi 2004-cü ilin sentyabrında Belorusla bağlanmış ikitərəfli azad ticarət sazişinə baxdıqda, analoji sənədlərdə aşağıdakı məsələlərin əks olunduğunu görmək mümkündür [3]:
-
Hər iki ölkə Sazişin müddəalarına uyğun olaraq malların qarşılıqlı ticarətində sərbəst ticarət rejimini tətbiq edir;
-
Tərəflər qarşılıqlı ticarətdə nəzərdə tutulan malların ixracına və idxalına gömrük rüsumlarını və onlarla eyni (ekvivalent) təsirə malik olan vergiləri və yığımları tətbiq etmir;
-
Zərurət olduqda, Sazişin tərkib hissəsi olan protokollarla rəsmiləşdirilən və razılaşdırılan mal nomenklaturu üzrə ticarət rejimində istisnalar nəzərdə tutula bilər;
-
Tərəflər bu Sazişin təsir dairəsinə düşən mallara, yerli istehsal məhsullarına ya ümumiyyətlə vergi və rüsumlar tətbiq etməyəcəklər, ya da tətbiq olunan vergi və rüsumların səviyyəsi mənşəcə üçüncü ölkədən olan analoji mallara tətbiq edilən səviyyədən yüksək olmayacaq;
-
Sazişin təsir dairəsinə düşən malların idxal və ixracına münasibətdə, hər hansı bir xüsusi məhdudiyyət və ya tələb, ayn-seçkilik tədbirləri, kəmiyyət məhdudlaşdırmaları tətbiq edilməyəcək;
-
Tərəflər ticarət etdiyi malların anbara vurulmasına, yüklənməsinə, saxlanmasına, daşınmasına, həmçinin onlar üçün ödənişlərə üçüncü ölkədən olan mallara tətbiq olunanlardan fərqli qaydalar tətbiq etməyəcək;
-
Tərəflər öz ərazilərindən malların tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin tətbiqi əsasında icazəsiz təkrar ixracına yol verməyəcəklər;
Yerdə qalan digər MDB ölkələrilə, o cümlədən Gürcüstanla imzalanan sazişlər də demək olar, oxşar müddəları ehtiva edir.
Azərbaycanın MDB dövlətləri xarici ticarətinin strukturu və həcmi
MDB ölkələri ilə ikitərəfli azad ticarət sazişlərinin Azərbaycanın xarici ticarət dövriyyəsinin həcminə və strukturuna necə təsir etdiyini ölkənin xarici ticarət əlaqələrinə dair rəsmi statistikanın açıqladığı məlumatlardan aydın görmək mümkündür. [4]
Azərbaycan–MDB ölkələri və Gürcüstan arasında xarici ticarət dövriyyəsinin həcmi (2005-2023-cü illər), mln. dollarla (Cədvəl. 1)
Qeyd: Gürcüstan Azərbaycanla ikitərəfli sərbəst tucarət sazişi imzaladığı dövrdə (1996-cı il) MDB-yə üzv olduğu üçün bu yazıda onunla olan xarici ticarət dövriyyəsi MDB-nin məcmu göstəricindən ayrılmadan ümumi şəkildə təqdim edilib.
Təqdim olunan rəqəmlərdən görünən əsas məqam odur ki, 2005-2023-cü illərdə bu ölkələrlə ticarətdə Azərbaycana idxalın ümumi həcmi Azərbaycandan ixracın həcmindən daha böyük miqyasda artıb. İdxalın həcmi 2013-2023-cü illərdə xüsusilə böyüyüb. Əgər 2005-2013-cü illərdə MDB-dən idxal 1,235 milyard dollar artmışdısa, 2013-2023-cü illərdə idxal 2,685 milyard dollar böyüdü. Ümumilikdə 2005-2023-cü illərdə idxalın həcmi 3,4 dəfə artıb. Halbuki eyni dövrdə MDB ölkələrinə ümumi ixrac həcmi 2,7 dəfə və ya 1,5 milyard dollara yaxın böyüyüb. İdxalla müqayisədə ixracın artım tempi 2005-2013-cü illərdə daha yüksək (1,122 milyard dollar və ya 124%), 2013-2023-cü illərdə daha zəif (384 milyon dollar və ya 19%) olub.
Rusiyanın Azərbaycana xarici ticarət ekspansiyası sürətlə genişlənib
Təhlil aparılan dövrdə diqqəti cəlb edən başqa bir neqativ tendensiya Azərbaycanın MDB ilə xarici ticarət balansında kəsirin çox ciddi həcmdə böyüməsidir. Əgər 2005-2013-cü illərdə kəsirin məbləği 660 milyon dollara çatmırdısa, 2023-cü ildə bu göstərici 2,5 milyard dolları ötüb.
Azərbaycanın MDB məkanı ilə ticarətində əsas yeri Rusiya tutur və son 18 ildə bu ölkə ilə ticarət dövriyyəsinin həcmi durmadan artıb. Bu genişlənmədən daha çox fayda götürən tərəf isə Rusiya olub və rəqəmlər bunu çox aydın şəkildə ortaya qoyur. 2005-2023-cü illərdə Azərbaycanın Rusiyadan idxalının 2,5 milyard dollar genişlənməsi müqabilində Rusiyaya ixrac 900 milyon dollardan bir qədər çox artıb. 2013-2023-cü illərdə Azərbaycandan ixracın həcminin artımı tamamilə zəifləyib. Son 10 il ərzində Azərbaycandan ixrac cəmi 11% və ya 118 milyon dollar artdığı halda, Rusiyadan idxalın həcmi 2 dəfədən çox, yaxud 1,7 milyard dollara yaxın böyüyüb.
2023-cü ildə Azərbaycanın MDB-dən ümumi idxalının 64 faizi, bu coğrafiyaya ümumi ixracının isə 49,5 faizi Rusiyanın payına düşüb. Həmin dövrdə Rusiya ilə xarici ticarət balansı kəsirinin həcmi 2 milyard dollara yaxın olub. Göründüyü kimi, kiçik Azərbaycan Rusiya üçün daha böyük bazar rolunu oynayır, nəinki nəhəng Rusiya Azərbaycan üçün.
Azərbaycanın Rusiya ilə ikitərəfli ticarət əlaqələrində müşahidə edilən daha bir kəskin neqativ məqam həm idxal, həm də qeyri-enerji məhsullarının ixracı baxımından asılılığının əhəmiyyətli dərəcədə arrtmasıdır. Bu fakt həm də Azərbaycanın qeyri-enerji məhsullarının ixrac coğrafiyasını inkişaf etmiş bazarlar hesabına şaxələndirmək əvəzinə Rusiyanın təsir dairəsində daha da genişlənməsini nümayiş etdirir. (Cədvəl. 2)
Təqdim edilmiş cədvəldə əks olunan rəsmi göstəricilər əsasında aparılan hesablamalar göstərir ki, 2013-2023-cü illərdə Azərbaycanın Rusiyadan asılılıq səviyyəsi idxal üzrə 14,1 faizdən 18,3 faizə, qeyri-enerji məhsullarının ixracı üzrə 28,8 faizdən 37,7 faizə yüksəlmişdir.
Şübhəsiz ki, qonşulara münasibətdə Rusiya kimi qeyri-sabit və qaba siyasət nümayiş etdirən, eləcə də orta və uzun perspektivdə iqtisadi baxımdan ciddi şəkildə zəifləyəcəyi gözlənən bir ölkədən xarici ticarət baxımından belə yüksək asılılıq səmərəli deyil. Bir reallıq da var ki, Rusiya region ölkələri ilə ikitərəfli ticarət əlaqələrində dominant mövqe qazanmaqda iqtisadi faydadan daha çox siyasi məqsədlər hədəfləyir. Xüsusilə də kiçik və zəif iqtisadiyyata malik ölkələrin dünya iqtisadi sisteminə inteqrasiyası nə qədər məhdud, iqtisadi və ticari baxımdan Rusiyadan asılılılığı nə qədər yüksək olarsa, həmin ölkələri Rusiya daha asanlıqla öz siyasi nüfuz dairəsinə saxlaya bilir.
Bu statistikada diqqətçəkən başqa bir məqam Azərbaycanın Rusiya ilə xarici ticarəti genişləndikcə Ukrayna ilə azalmasıdır. Məsələn, 2005-2013-cü illərdə Azərbaycandan Ukraynaya ixrac 7 dəfədən çox artaraq 36 milyon dollardan 276 milyon dollara, idxal isə 2,5 dəfəyə yaxın artmaqla 226 milyon dollardan 589 milyon dollara çatıb. Amma son 10 ildə vəziyyət tərsinə dəyişib – 2013-2023-cü illərdə Ukraynaya ixrac 276 milyon dollardan 119 milyon dollara, Ukraynadan idxal isə 589 milyon dollardan 235 milyon dollara enib.
Təhlil aparılan dövrdə Belorusla da xarici ticarət dövriyyəsinin böyüməsi baş verib. Xüsusilə də 2013-2023-cü illərdə bu ölkədən idxal 4 dəfəyə yaxın artaraq 87 milyon dollardan 325 milyon dollara çatıb. Amma bunun müqabilində Azərbaycanın Belorusa ixracı çox kiçik rəqəmlərlə ifadə edilir. Məsələn, hələ son 10 ildə 2 dəfəlik artımdan sonra belə Belorusa ixrac cəmi 32 milyon dollar olub ki, bu da həmin ölkədən idxaldan 10 dəfə azdır. 2023-cü ildə Azərbaycan-Belorus xarici ticarət balansının kəsiri 293 milyon dollar təşkil edib.
Bütövlükdə Azərbaycan MDB məkanında xarici ticarət həcminin daha böyük olduğu ölkələrin hamısı ilə ticarət balansında kəsirə malikdir. Məsələn, 2023-cü ildə Azərbaycanın MDB və Gürcüstanla xarici ticarət dövriyyəsinin 75 faizini təşkil edən üç ölkə (Rusiya, Belorus və Türkmənistan) ilə ticarətdə mənfi saldoya malikdir. Yalnız Gürcüstanla ticarətdə Azərbaycan davamlı olaraq müsbət saldonu təmin edir, o da enerji məhsulları ixracı hesabına. 2023-cü ildə Azərbaycanın Gürcüstana ixracı 759 milyon, bu ölkədən idxalı isə 126 milyon dollar, balansın müsbət saldosu isə 633 milyon dollar olub. Gürcüstana ixracın 548 milyon dollarını və ya 72 faizini energi məhsulları (o cümlədən 121 milyon dollarını elektrik enerjisi) təşkil edib.
Qazaxıstan və Özəbəkistan kimi kifayət qədər böyük demoqrafik potensiala və iqtisadi resurslara malik iki ölkəsilə Azərbaycanın xarici ticarət əlaqələri kifayət qədər məhduddur və hər iki ölkə ilə ticarət balansında mənfi saldo qeydə alınır. 2023-cü ildə Azərbaycanın bu iki ölkəyə ixracının ümumi həcmi 145,6 milyon dollar olub. Həmin dövrdə ticarət balansında kəsir Özbəkistanla əlaqədə 84,5 milyon, Qazaxıstanla əlaqədə isə 117 milyon dollar olub.
Türkiyə ilə preferensial ticarət sazişinin çərçivələri
Azərbaycan və Türkiyə arasında 2020-ci ilin may ayında imzalanmış preferensial ticarət sazişi, sənədə əlavələrdə müəyyən edilmiş mallara münasibətdə vergisiz, rüsumsuz qarşılıqlı ticarəti nəzərdə tutur və hər iki ölkə bu razılaşmadan bərabər fayda əldə etməlidir.
Sazişə əsasən, Azərbaycan və Türkiyə xarici ticarətdə tətbiq olunan bütün qayda, tənzimləmə və prosedurlara münasibətdə hər hansı digər ölkəyə verdiyi rejimdən daha az əlverişli olmayan rejimi öz aralarında tətbiq edəcəklər. Bununla belə, Azərbaycan və Türkiyə arasında bağlanan ikitərəfli sazişə hər iki ölkənin ayrı-ayrılıqda digər ölkələr üçün müəyyən etdikləri tarif kvotaları və ya güzəştləri də daxil edilməlidir.
Razılaşmanın Əlavəsində müəyyən olunmuş mallar yerli mənşəli olmalıdır. Aşağıdakı əmtəələr yerli sayılır:
-
Sazişin tərəfi olan ölkələrin torpağından, sularından və ya dəniz dibindən çıxarılmış xammal və ya mineral məhsullar;
-
Meşəçilik məhsulları da daxil olmaqla, onun ərazisində becərilmiş, yığılmış və ya toplanmış kənd təsərrüfatı məhsulları, eləcə də orada doğulmuş və bəslənilmiş diri heyvanlar, həmin heyvanlardan əldə olunan məhsullar;
-
Bu ölkələrdə həyata keçirilən ovçuluq, balıqçılıq və dəniz vətəgəsi fəaliyyətləri ilə əldə olunan məhsullar, eləcə də onların ərazi sularından kənardakı dənizdən, amma onların gəmiləri tərəfindən əldə olunan dəniz balıqçılığı məhsulları;
Bundan əlavə, razılaşmaya görə, emal məhsullarına münasibətdə belə bir yanaşma tətbiq edilir: ticarət edilən emal mallarının istehsalında istifadə edilmiş üçüncü ölkə mənşəli materialların dəyəri, hazır məhsulun franko zavod qiymətinin 45 faizindən artıq olmadıqda, həmin materiallar kifayət qədər işlənmiş və ya emal olunmuş hesab edilir. Lakin qablaşdırma, nişanlama, çeşidləmə, tekstilin hamarlanması və ya preslənməsi, sadə boyanması, heyvanların kəsilməsi və s. kimi əməliyyatlara məruz qalanlar bu kateqoriyaya aid deyil və yerli mənşəli mal hesab edilmək üçün yetərli sayılmır. Son məhsulun yerli mənşəli sayılması üçün istifadə olunan xammal və materillarla yanaşı ən önəmli meyarlardan biri də əməliyyat zamanı xüsusi bacarıq, maşınlar, aparat və ya alətlər tələb olunduğu halda, onların harada icra edilməsidir. Əgər bu əməliyyatlar üçüncü ölkədə icra olunubsa, həmin mal yerli mənşəli sayılmır və ona münasibətdə Sazişdə nəzərdə tutulan güzəştlər tətbiq oluna bilməz.
Nəhayət, razılaşmaya görə, son məhsulun yaranmasında istifadə olunan enerji və yanacaq, qurğu və avadanlıq, maşınlar və alətlər neytral elementlər hesab olunur və malın mənşə ölkəsinin müəyyən edilməsində nəzərə alınmır.
Türkiyə və Azərbaycanın imzaladığı ikitərəfli preferensial sazişdə bir sıra mühafizə, fitosanitar antidempinq və kompensasiya tədbirləri də nəzərdə tutulur. Həmin tədbirlərdən ən vacibləri kimi aşağıdakıları qeyd etmək mümkündür:
-
Dempinq və ya subsidiya səbəbindən yaranan zərərin qarşısının alınması məqsədilə hər iki ölkə milli qanunvericiliyə uyğun olaraq antidempinq və kompensasiya tədbirləri tətbiq edir;
-
Qarşılıqlı razılaşma əsasında tarifin azaldılması və ya ləğvi nəticəsində idxalın artımı tərəflərdən hər hansı birinin rəqabətli malları istehsal edən yerli sənayesinə ciddi zərər vurduqda, məsləhətləşmələr əsasında ikitərəfli mühafizə tədbirləri tətbiq edə bilər.
-
Sanitar və fitosanitar tədbirlər elmi prinsiplərə əsaslanaraq yalnız insan, heyvan və ya bitki həyat və ya sağlamlığını qorumaq üçün zəruri olan hədlərdə tətbiq olunur və müvafiq elmi məlumatların və regional şərtlərin mövcudluğu nəzərə alınaraq, kifayət qədər sübut olmadan davam etdirilmir.
Sazişə əlavələrdə hər bir ölkə üçün 15 əmtəə çeşidi müəyyən edilib və razılaşmanın müddəaları məhz həmin mallara tətbiq edilir. Həmin malların siyahısı və onların hər biri üzrə müəyyənləşdirilmiş idxal kvotaları aşağıda statistik analiz hissəsində təqdim olunur.
Azərbaycan-Türkiyə prefensial sazişinin ilkin statistik nəticələri
Türkiyə uzun illərdir İtaliya və Rusiya ilə birlikdə Azərbaycanın üç ən böyük ticarət tərəfdaşından biridir. Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 55 faizi bu üç ölkənin, o cümlədən 31 faizi İtaliyanın, 15,5 faizi Türkiyənin, 8,2 faizi isə Rusiyanın payına düşüb. Qeyd olunan dövrdə Azərbaycanın Türkiyədən idxalı 5,4 milyard dollar (ölkənin ümumi idxalı 17,3 millyard dollar), Türkiyəyə ixracı isə 2,3 milyard dollar (ölkənin ümumi ixracı 33,9 millyard dollar) olub. 2023-cü ildə Azərbaycanın Türkiyəyə ixracının 95 faizə qədərini və ya 4,9 milyard dollarını enerji məhsulları təşkil edib ki, onun da 276 milyon dolları elektrik enerjisinin payına düşür. [5]
Hər iki ölkənin hökuməti 2020-ci ilin may ayında preferensial ticarət sazişini imzalanmasının məqsədi kimi ölkələrarası ticarət dövriyyəsinin daha da genişlənməsini bildirirdilər. Rəsmi statistika sazişin bağlanmasından ötən 4 ildə bu məqsədə doğru irəliləyişin olduğunu qeydə alıbmı? Ən mühümü, sazişdə güzəştli tarif rejiminin tətbiqi nəzərdə tutulan malların ticarət dövriyyəsində genişlənmə olubmu? Rəsmi rəqəmlər əsasında tərtib edilmiş aşağıdakı cədvəllərdən bu suallara cavab tapmaq mümkündür (Cədvəl. 3):
Sazişə görə, Azərbaycan tərəfi Türkiyədən idxal etdiyi 15 əmtəəyə tam tarif güzəşti tətbiq etməyi öhdəlik olaraq qəbul edir. Güzəşt siyahısına daxil edilən hər bir mal üçün illik kvota müəyyən olunub və həmin kvotadan artıq hissə güzəştli tarif olmadan idxal ediləcək. Rəsmi statistik məlumatların analizi göstərir ki, sazişin bağlanmasından sonrakı 3 ildə Türkiyə tərəfi Azərbaycan tərəfinin güzəşt tətbiq etdiyi malların ixracını 69% və ya 16 milyon dollar artırıraq 37 milyon dollara çatdırıb. Həmin dövrdə Azərbaycanın Türkiyə tərəfindən tətbiq olunan tarif güzəştlərindən nə dərəcədə yararlanmasına gəldikdə, bu məqamı qeyd eləmək vacibdir: Azərbaycan da qarşı tərəfdən eyni sayda (15 ədəd) əmtəə çeşidinə eyni imtiyazdan, yəni 100% vergi və rüsumlardan azad şəkildə Türkiyəyə ixrac imkanı qazanıb. (Cədvəl. 4)
Statistik müqayisələr göstərir ki, güzəştli rejimlə əhatə olunan eyni məhsul sayına baxmayaraq, Azərbaycanın bu rejim çərçivəsində ixrac həcmi Türkiyədən təxminən 13 dəfə azdır. Sazişin bağlanmasından sonra Azərbaycanın ixracının həcmi daha sürətlə artsa da, statistik dəyər etibarı ilə Türkiyənin ixrac həcmi müqayisə edilməz dərəcədə böyükdür. Amma hər iki ölkənin ümumi ixracı nöqteyi-nəzərdən baxıldıqda, həm Türkiyənin, həm də Azərbaycanın güzəştıi rejim çərçivəsində ixracı çox kiçikdir və ümumi ixracın hətta 0,1 faizini belə təşkil etmir. Eyni zamanda, qeyd olunan güzəştli ticarətin həcminin qarşılıqlı ixracın ümumi həcmində payı hələlik çox kiçikdir və Türkiyə-Azərbaycan birgə xarici ticarət dövriyyəsinin 0,5 faizi qədərdir.
Analizdən çıxan bəzi maraqlı nəticələr
-
Son 20 ilə yaxın dövrdə Azərbaycanın MDB ölkələri ilə bağladığı azad ticarət sazişlərindən tərəfdaş kimi çıxış edən həmin ölkələr daha böyük fayda götürüb. Bu, özünü 2005-2023-cü illərdə Azərbaycan və MDB ticarət məkanı arasında ticarət balansının mənfi saldosunun iki dəfədən çox artmasında, Azərbaycanın idxalının artımının Azərbaycan ixracının artımını xeyli dərəcədə üstələməsində özünü göstərir;
-
Azərbaycanın Rusiya ilə xarici tiicarəti davamlı olaraq genişlənib və son 10 ildə bu genişlənmə daha yüksək vüsət alıb. Bu artımda da uduşlu tərəf daha çox Rusiya olub. Belə ki, 2013-2023-cü illərdə Azərbaycandan ixracın həcminin artımı tamamilə zəifləyib. Son 10 il ərzində Azərbaycandan ixrac cəmi 11% və ya 118 milyon dollar artdığı halda, Rusiyadan idxalın həcmi 2 dəfədən çox, yaxud 1,7 milyard dollara yaxın genişlənib. Nəticədə Rusiyanın özü ilə müqayisədə daha kiçik ölkə olan Azərbaycan Rusiya üçün heç də kiçik ollmayan bazara çevrilib;
-
Rusiya ilə paralel olaraq Azərbaycanın Belorusla da xarici ticarət dövriyyəsinin böyüməsi baş verib. 2013-2023-cü illərdə bu ölkədən idxal dörd dəfəyə yaxın artaraq 325 milyon dollara çatıb. Bunun müqabilində Azərbaycanın Belorusa ixracı çox kiçik rəqəmlərlə ifadə edilir və hətta son 10 ildə iki dəfəlik artımdan sonra belə Belorusa ixrac cəmi 32 milyon dollar olub ki, bu da həmin ölkədən idxaldan 10 dəfə azdır.
-
Azərbaycanın Rusiya-Belorus siyasi ittifaqı ilə xarici ticarət əlaqələri sürətlə genişləndiyi dövrdə Ukrayna ilə ticarət daha da məhdudlaşıb. 2005-2013-cü illərdə Azərbaycandan Ukraynaya ixrac 7 dəfədən çox artaraq 276 milyon dollara, idxal isə 2,5 dəfəyə yaxın genişlənməklə 589 milyon dollara çatdığı halda, son 10 ildə vəziyyət tərsinə dəyişib – 2013-2023-cü illərdə Ukraynaya ixrac 276 milyon dollardan 119 milyon dollara, Ukraynadan idxal isə 589 milyon dollardan 235 milyon dollara düşüb.
-
Türkiyə ilə bağlanmış ikitərəfli güzəştli tucarət sazişindən hər iki ölkənin yararlanma səviyyəsi hələlik çox aşağıdır.