• 21 Aprel 2025 15:46

“Aqroparkların yaradılması hökumətə sərf edir, fermerlərə yox”

Azərbaycanda aqroparkların idarə olunması səlahiyyəti İqtisadiyyat Nazirliyindən alınaraq Kənd Təsərrüfatı Nazirliyinə verilib. 

 

Bu barədə Prezident İlham Əliyev aprelin 14-də fərman verib. Fərmana əsasən, bundan sonra Kənd Təsərrüfatı Nazirliyi, Yevlax Pilot Aqropark istisna olmaqla, aqroparkların yaradılması və fəaliyyətlərinin tənzimlənməsi səlahiyyətinə sahib olacaq.

Nazirlik prezidentin 2021-ci il fərmanı ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş aktları 6 ay müddətində qəbul etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

 

İqtisadçı Toğrul Vəliyev Toplum Tv-yə açıqlamasında bu dəyişikliyin iqtisadi cəhətdən böyük əhəmiyyət daşımadığını deyib.

 

 

“Əvvəl aqroparkların fəaliyyətində iştirak edən dövlət qurumları və şirkətləri İqtisadiyyat Nazirliyinə cavabdeh idi. İndi baş verən dəyişiklik bizim üçün əhəmiyyətli deyil, amma İqtisadiyyat Nazirliyi üçün əhəmiyyət kəsb edir ki, böyük bir sahədən məhrum olunur.” 

Aqroparklar 2012-ci ildə Azərbaycanda fəaliyyətə başlayan irimiqyaslı, dövlət tərəfindən dəstəklənən aqrobiznes müəssisələridir.

 

Rəsmi məlumata görə, Azərbaycanda hazırda 23 aqropark fəaliyyət göstərir, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 11-i əkinçilik, 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb.

Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 mlrd. manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb.

 

Fevralda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib ki, qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi işlə təmin edilib, 4878 nəfər isə mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə əlavə olaraq 1600-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

 

“Aqroparklar haqqında Nümunəvi Əsasnamə”yə əsasən, aqroparkların yaradılmasında məqsəd  innovativ üsullar əsasında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, qeyri-neft sektorunun davamlı inkişafı və əhalinin məşğulluğunun artırılmasıdır.

Toğrul Vəliyevə görə isə reallıqda görünən odur ki, məqsəd kənd təsərrüfatında sadə fermerlərin payını azaltmaq və onların yerini böyük şirkətlərə vermək olub.

 

“Bu hökumətə ona görə sərf edir ki, kənd təsərrüfatında vahid idarəetmə yaradır. Amma sadə fermerlərə sərf etmir. İqtisadiyyatda isə inhisarçılığa və qiymət artımına gətirib çıxarır. Böyük şirkətlərin məqsədi iqtisadiyyatı yaxşılaşdırmaq yox, öz qazanclarını artırmaqdır”, – o qeyd edib.

 

Tacxeber.com

Oxşar xəbərlər