• 21 Aprel 2025 11:28

“Alimlər indiyə qədər heç kimin görmədiyi “yeni rəng” kəşf etdiklərini iddia edir”

“Olo” adlandırılan bu rəng dərin mavi-yaşıl çalarlara malikdir və adi gözlə, xüsusi stimulyasiya olmadan görünə bilmir…”

 

Bir qrup amerikalı alim əvvəllər heç bir insanın görmədiyi “yeni rəng”in kəşf edildiyini açıqlayıb. Tədqiqat iştirakçılarının gözlərinə lazer impulsları yönəldilən eksperiment in nəticəsi olaraq aparılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “bbc.com” nəşri məlumat yayıb.

 

Alimlər müəyyən retina hüceyrələrini stimullaşdırmaqla, iştirakçıların “olo” adlandırılan, mavi-yaşıl arası çalarlarda yeni bir rəng gördüklərini bildirir. Bununla belə, bəzi mütəxəssislər bu “yeni rəngin” mövcudluğunu mübahisəli sayır.

 

Tədqiqat “Science Advances” jurnalında dərc olunub və müəlliflərindən biri olan Kaliforniya Universitetindən professor Ren Enq bunu “təəccüblü kəşf” adlandırıb.

 

Enq və həmkarları bu nəticələrin rəng korluğu ilə bağlı gələcək tədqiqatlara da təkan verə biləcəyini düşünür. “Olo real dünyada görə biləcəyiniz hər şeydən daha doymuş bir rəngdir”, –  professor Enq bildirib.

 

“Təsəvvür edin ki, ömrünüz boyu yalnız açıq çəhrayı rəngi görmüsünüz. Sonra bir gün ofisə gəlirsiniz və kimsə üzərində ən parlaq çəhrayı rəngli geyimdədir və deyir ki, bu yeni rəngdir, adına da qırmızı deyilir”, – o, izah edib.

 

Eksperiment zamanı tədqiqatçılar hər bir iştirakçının bir göz bəbəyinə lazer şüası yönəldib. Beş nəfər- dörd kişi və bir qadın eksperimentdə iştirak edib, hamısı normal rəng görmə qabiliyyətinə malik olub. Onlardan üçü, o cümlədən professor Enq, məqalənin müəllifləridir.

 

İştirakçılar Kaliforniya Universiteti və Vaşinqton Universitetinin alimləri tərəfindən əvvəlcədən hazırlanmış və bu eksperiment üçün uyğunlaşdırılmış “Oz” adlı optik qurğuya baxıb. Bu qurğu güzgülər, lazerlər və optik komponentlərdən ibarətdir.

 

Retina gözün arxa tərəfində yerləşən, işığa həssas toxuma qatıdır və görmə informasiyasının qəbul edilib beyinə ötürülməsini təmin edir. Burada yerləşən kolboşəkilli hüceyrələr (konuslar) rənglərin qəbuluna cavabdehdir. İnsanın gözündə üç növ konus var: S, M və L, bunlar müvafiq olaraq mavi, yaşıl və qırmızı işıq dalğa uzunluqlarına həssasdır.

 

Tədqiqatda qeyd olunur ki, normal görmə zamanı “M-konus”ları stimullaşdıran işıq eyni zamanda yaxınlıqdakı L və ya S konuslarını da aktivləşdirir, çünki onların funksiyaları qismən üst-üstə düşür.

 

Lakin bu eksperimentdə lazer yalnız M-konuslarını hədəfləyib, bu da, alimlərin fikrincə, beyinə təbii görmədə heç vaxt yaranmayan bir rəng siqnalı göndərib. Bu səbəbdən “olo” rəngi real həyatda, adi görmə ilə mümkün deyil, yalnız xüsusi stimulyasiya ilə görünə bilər.

 

İştirakçılar bu rəngi təsdiqləmək üçün bir rəng çarxını tənzimləyərək “olo”ya uyğun gələn çaları təkrarlamağa çalışıb. Buna baxmayaraq, bəzi ekspertlər bu “yeni rəngi” sadəcə şərh məsələsi hesab edir.

 

London Universitetindən vizual qavrayış üzrə mütəxəssis professor Con Barbur bu tədqiqatda iştirak etməyib, lakin o qeyd edib ki, bu, “konusların selektiv stimullaşdırılmasında texnoloji irəliləyiş olsa da, yeni bir rəngin kəşfi hələ mübahisəlidir”.

 

Onun sözlərinə görə, məsələn, qırmızı konusların (L) çox sayda stimullaşdırılması dərin qırmızı rəng effekti yarada bilər, lakin bu rəngin parlaqlığı insanın qırmızıya olan həssaslığından asılı olaraq dəyişə bilər, bu isə müəyyən mənada eksperimentdə baş verənlərlə oxşardır.

 

Bununla belə, professor Enq etiraf edib ki, texniki baxımdan “olo” rəngini görmək çox çətindir. Komanda araşdırmalarını davam etdirir ki, bu rəng korluğu yaşayan insanlar üçün nə məna daşıya biləcəyini müəyyənləşdirsin.

Tacxeber.com

Oxşar xəbərlər