• 22 Aprel 2025 22:28

O, bir sıra səs-küylü sifarişli qətllər törətməsi ilə məşhurdur.

Lyoşa soldat ləqəbli muzdlu qatil Aleksey Şerstobitov. O, 1990-cı illərdə Rusiyada bir sıra səs-küylü sifarişli qətllər törətməsi ilə məşhurdur.

 

Aleksey 1967-ci ildə bir neçə əcdadı hərbçi olan ailədə doğulub. Özü də hərbçi olmağı seçib və Frunze adına Leninqrad dəmiryol qoşunlarının ali hərbi komandir məktəbinə daxil olub. Hələ kursant ikən təhlükəli cinayətkarı yaxaladığına görə “Şəxsi igidliyə görə” ordeni ilə təltif olunub. Məzun olduqdan sonra Moskva dəmiryolu idarəsində inspektor və baş inspektor işləyib.

 

SSRİ dağılandan sonra ağır sosial vəziyyət üzündən hərbi qüvvələrdən istefa verib. Bizneslə məşğul olmağa cahd edib, mühafizəçi işləyib. Mütəmadi şəkildə pauerliftinqlə məşğul olub. Məhz idman zalında Orexovo-Medvedkovo mütəşəkkil cinayətkar dəstəsinin üzvü, keçmiş KQB zabiti Qriqori Qusyatinski ilə tanış olub.

Silvester ləqəbli Sergey Timofeyevin rəhbərlik etdiyi dəstəyə cəlb olunan Lyoşa əvvəlcə orexovolıların himayəsi altında olan bəzi ticarət köşklərinin mühafizəsini həyata keçirib. Sonra isə muzdlu qatilə çevrilib.

 

İlk cəhdi uğursuz olub. Qumbaraatandan açılan atəşdən sonra Mixail Fomin adlı hədəf yaralanaraq sağ qalıb. Bundan sonra başqa üç kriminal şəxsin qətlini həyata keçirib.

1994-cü illərin əvvəllərində Silvester məşhur qanuni oğru Andrey İsayevin (ləqəbi Rospis) qətlini sifariş verir. Partlayıcı yerləşdirilən avtomobil Rospis yaşayan binanın qarşısında yerləşdirilir. Qanuni oğru blokdan çıxarkən partlayış baş verir. Amma İsayev yaralanaraq sağ qalır. Mühafizəçisi və avtomobilin yanında oynayan qız həlak olur. Qızın rəfiqəsi əlil olur. Sonralar Lyoşa məhkəmədə and-aman edir ki, qızları həmin yerdən qovmuşdu və nə zaman qayıtdıqlarını görməyib.

 

1994-ci il aprelin 5-də Şerstobitov ən səs-küylü qətlini həyata keçirir: kriminal aləmdə böyük nüfuza malik olan Otari Kvantaraşvilini snayper tüfəngindən açdığı atəşlə öldürür.

Bu dövrdə o, ayda əvvəlcə 2500, sonra 5000 dollar maaş alır. İndi bu məbləğ az görünə bilər, amma 1990-cı illərdə böyük pul sayılırdı.

Silvesterin 1994-cü ilin sentyabrında ölümündən sonra dəstədə liderlik uğrunda mübarizə aparan Pılev qardaşlarının sifarişi ilə başqa bir iddiaçını, idman zalında tanış olduğu Qusyatinskini Kiyevdə öldürüb.

 

Son qətllərini və qətl cəhdlərini 1997-ci ildə həyata keçirən Aleksey Şerstobitov cinayətkar aləmdən uzaqlaşır. Saxta pasport əldə edərək qanunpərəst vətəndaş kimi yaşayıb, suvaqçı işləyib. Ələ keçən cinayətkarların çoxu belə onu sadəcə Lyoşa soldat kimi tanıdıqlarından haqqında ciddi məlumat verə bilməyiblər.

Hüquq-mühafizə orqanları yalnız 2006-cı ildə onu həbs edə bildilər. Fərqli cinayətlərə görə bir neçə dəfə məhkəmə qarşısına çıxarılan keçmiş killer 12 qətldə və qəsddə müqəssir bilinərək üst-üstə 23 il həbsə məhkum edildi. Məhkəmə onun peşmanlığını, istintaqla əməkdaşlığını, son 9 ildə heç bir cinayət törətməməsini nəzərə aldı.

 

Aleksey Şerstobitov həbsdə bir neçə kitab yazdı, o cümlədən, “Likvidator” trilogiyasını. Kitablar maraqla qarşılandı və böyük tirajla satıldı. Həbsdə olarkən 2016-cı ildə üçüncü dəfə evləndi, 2024-cü ildə boşandı.

Cəzasını Lipetsk vilayətində çəkən Şerstobitov 2029-cu ildə 62 yaşında azadlığa çıxacaq. O, vaxtından əvvəl şərti azadlığa çıxmaq üçün müraciət hüququna malik olsa da, heç zaman bundan istifadə etməyib. Ola bilər, həbsxananı özü üçün daha təhlükəsiz hesab edir.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər