• 22 Aprel 2025 16:49

Trampın başı yeni QALMAQALDA. Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verir

Harvard Universiteti

Harvard Universiteti federal məhkəmədə Donald Tramp administrasiyasına qarşı iddia qaldıraraq, Ağ evin universiteti federal qrant və müqavilələrdən məhrum etmək cəhdinin qanunsuz olduğunu bildirib.

 

İddiada federal maliyyənin dondurulması sərəncamının qüvvəyə minməsini önləmək xahiş olunur.

Universitet Tramp administrasiyasını Konstitusiyaya Birinci düzəlişi, federal qanunları pozmaqda günahlandırır və xəbərdarlıq edir ki, dövlət maliyyəsinin itirilməsi tibbi tədqiqatlara, yeni dərmanların yaradılmasına mənfi təsir göstərəcək.

 

Tramp Harvard Universitetinin 2.3 milyard dollarını dondurub

Harvard Universiteti aprelin 14-də Tramp administrasiyası tərəfindən daxili siyasətində dəyişikliklər etməsi ilə bağlı irəli sürülən çoxsaylı tələbləri rəsmi şəkildə rədd edib. Bildirilib ki, bu tələblər hökumətin universitet üzərində nəzarəti ələ keçirmək cəhdidir. Bundan cəmi bir neçə saat sonra Harvard üçün ayrılmış 2.3 milyard dollarlıq federal maliyyələnin dondurulduğu elan edilib.

 

Harvard Universiteti üçün federal maliyyələşmənin dayandırılması Tramp administrasiyasının federal qrantların verilmə qaydalarını yenidən nəzərdən keçirməsi fonunda baş verib. Bu kampaniya təxminən 9 milyard dollar həcmində federal qrantları əhatə edir.

Aprelin 14-də ABŞ Təhsil Nazirliyinin xüsusi işçi qrupu Harvardı ölkənin ən nüfuzlu universitetlərinə xas olan “narahatedici dərəcədə cəzasızlıq hissinin kök salmasında” ittiham edib. Xüsusi işçi qrup bildirib ki, federal investisiyalar vəsaiti alan qurum vətəndaş hüquqları qanunlarına riayət etməlidir.

Harvard Universiteti federal maliyyənin kəsilməsindən yaranan potensial itkiləri kompensasiya etmək üçün Uolt Stritdən 750 milyon dollar borc almağı planlaşdırır.

 

Universitetin muxtariyyətinə “əsassız və qanunsuz” müdaxilə

Harvard Universitetinin prezidenti Alan Qarber açıq məktubunda ABŞ Təhsil Nazirliyinin tələblərinin hökumətə universitet üzərində nəzarət imkanı verdiyini bildirib. O əlavə edib ki, bu, “Harvardın, bir özəl qurum kimi, biliklərin azad şəkildə axtarılması, yaradılması və yayılması ilə bağlı prinsiplərinə təhlükə yaradır”.

“Heç bir hakimiyyət — partiyasından asılı olmayaraq — nəyi tədris etməli, kimi qəbul və işə götürməli, hansı tədqiqat sahələrini inkişaf etdirməli olduğumuzu diktə edə bilməz”, – Qarber yazıb.

 

O əlavə edib ki, tələbələrin və müəllim heyətinin fikirlərini yoxlamaq tələbləri söz azadlığı hüququnu pozur.

Qarber vurğulayıb ki, Harvard Universiteti antisemitizm təzahürləri ilə mübarizəni davam etdirəcək, lakin “bu, akademik fəaliyyətə və universitetin muxtariyyət prinsiplərinə əsassız və qanunsuz müdaxilə yolu ilə həyata keçirilə bilməz”.

 

Ağ evin mətbuat katibinin müavini Harrison Filds isə bildirib ki, Tramp Amerika ali təhsilini yenidən gücləndirir, nəzarətsiz antisemitizmə qarşı mübarizə aparır və vergi ödəyicilərinin pullarından “irqi ayrıseçkiliyin və ya irqi zəmində zorakılığın dəstəklənməsi” üçün istifadəsinə imkan vermir. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər