• 24 Aprel 2025 03:09

“Qarşımızda nəticə üçün alışıb-yanan rəqib olacaq” – Qurban Qurbanov

“Qarabağ” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

 

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

– Futbolçularımı təbrik edirəm. Bir az gərginlik, yorğunluq var idi. Buna baxmayaraq, komandam sona qədər təmkinli qaldılar və rəqibin səhv etməsini gözlədilər. Sonda bundan istifadə edə bildik. Elmar Baxşıyevə, onun komandasına uğurlar arzulayıram.

 

– İlk hissədə “Qarabağ”ın oyununun alınmamasının səbəbi nə idi?

 

– Öncə rəqibin oyununu dəyərləndirmək lazımdır. Hesabda 0:1 geridə idik. Rəqib çox düzgün, ağıllı müdafiə olunurdu və əks-hücumlara hazırlaşırdı. Onların ilk hissədə bir neçə qol epizodu oldu. Bizim hazırlığımız da bunun üzərində getmişdi. Topsuz oyunçularımıza çox yaxşı təzyiq edirdilər. İlk yarıda top itkilərimiz çox oldu. Rəqib daha aktiv idi. İkinci hissədə biz təzyiqi artırdıq və bundan istifadə etdik. Həmişə demişəm ki, kubok matçları çempionatdan fərqlidir. Bu, normaldır. Belə oyunlara daim hazır olmalıyıq.

 

– Sizin üçün finalda hansı komanda arzuolunandır?

 

– Belə bir düşüncəm yoxdur. Sadəcə onu bilirəm ki, finalda qarşımızda nəticə üçün alışıb-yanan rəqib olacaq. Çünki, hər ikisinin avrokuboklarda iştirak etmək şansı həmin oyundan asılı olacaq. İstənilən rəqib bundan sonra bütün hazırlıqlarını bizə qarşı quracaq. Hələ vaxt var. Hər iki komandaya uğurlar arzulayıram. İstəyərdim ki, ikisi də avrokuboklarda iştirak etsin. Hər iki klub böyük sərmayə qoyub. Bu iki klubun strukturunu nümunə olaraq göstərə bilərik. Yalnız nəticəyə yox, uğurun davamlı olmasına sərmayə yatırıblar. “Neftçi”nin də, “Sabah”ın da çox yaxşı bazası var. Biz də kuboku yenə qazanmaq istəyirik. Finalda məğlub olmaq kimi bir düşüncəmiz olmayacaq. İstərdim ki, futbolçularımın titul sayı daha da artsın.(Milli.az)

Tacxeber.com

Oxşar xəbərlər