Təcridxananın rəisi onu otağına gətirdərək bir daha bu cür şeirlər yazmaması ilə bağlı xəbərdarlıq edib.
“Abzas Media işi” üzrə həbs olunan araşdırmaçı jurnalist, “Turan” İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalının 1 saylı Bakı İstintaq Təcridxanasında yazdığı şeirlər müsadirə olunub.
Məlumata görə, onun saxlanıldığı kamerada axtarış aparılıb və həbsxanada olduğu müddətdə yazdığı onlarla şeir əlindən alınıb. Təcridxananın rəisi Elnur İsmayılov Hafiz Babalını otağına gətirdərək bir daha bu cür şeirlər yazmaması ilə bağlı xəbərdarlıq edib.
“Abzas Media” jurnalistin həbsxanada xüsusilə mübahisəyə səbəb olan və qadağan olunmuş şeirini əldə edib. Tacxeber.com olaraq “AbzasMedia”ya istinadən şeiri olduğu kimi təqdim edirik:
“Yetirin o zata ki, külli islah olmuşam”
Yetirin o zata ki, külli islah olmuşam.
İnan, vallah, olmuşam, inan, billah, olmuşam.
Yazmaram mən bir daha nazirdən, deputatdan,
Panamadan, şapkadan, andır Landromatdan,
Ofşorlardan, otkatdan, bir də qızıl saatdan.
Düşmənlərin əlində gizli silah olmuşam,
Yetirin o zata ki, külli islah olmuşam.
O mötəbər şirkətə bəsdir daşlar atdığım,
Hesabatlar içində milyardlara batdığım,
“Korrupsiya var” deyib hey aranı qatdığım.
İnkişafdan, rifahdan indi agah olmuşam,
Yetirin o zata ki, külli islah olmuşam.
Pulları daşıyırlar Dubay, London, Vircinə?
Büdcəni dağıdırlar? Deyil daha vecimə!
Yığdığım sübutları atdım arxiv küncünə!
Səhvlərimi anlayıb tərki-günah olmuşam,
Yetirin o zata ki, külli islah olmuşam.
Bildim ki, qəzetçilik ağır bir xətər imiş,
Araşdırma, təhqiqat-ondan da betər imiş!
“Haqqı” dərk etmək üçün bir ay həbs yetər imiş,
Prokurora deyin ki, əsir-tamah olmuşam,
Yetirin o zata ki, külli islah olmuşam.