Əksəriyyət problemini sakitcə, fərdi qaydada rüşvətlə çözməyə çalışır.
Tofiq bəy qanunsuz həbsinə etiraz olaraq artıq 24 gündür ki, aclıq aksiyası keçirir. Amma paylaşımlardan görünən odur ki, bu barədə yazıb narahatlığını bildirən elə eyni çevrədir.
Tofiq Yaqublu, Azər Qasımlı, Emin İbrahimov, Rüfət Səfərov, Nazim Bəydəmirli, Afiəddin Məmmədov, Hacı Vəliyev, “Toplum TV”, “Abzas TV”, “Meydan TV” işi üzrə həbs olunan bütün dostlarımız və adlarını qeyd edə bilmədiyim neçə-neçə ictimai fəal insanlarımız məhz ictimai fəal olduqlarına görə bu gün hakimiyyətin girovluğundadılar.
Bəli, məhz girovluqda! Düşünürəm ki, həbs sözünü istifadə etməklə etimadını itirmiş hüquq-məhkəmə sistemini legitimləşdiririk və bu kukla hakimlərin, prokurorların, müstəntiqlərin baş rollarda oynadıqları tamaşanın aktyorlarına çevrilmiş oluruq.
Günümüzün ən parlaq və işıqlı insanlarından biri, keçmiş diplomat Emin İbrahimov da son məhkəməsində məhz bunu vurğulayaraq dedi ki, özünü hüquqi müstəvidə müdafiə etməyəcək, çünki siyasi sifarişli, saxta prosesi legitimləşdirməyəcək.
Demək istədiyim budur. Son bir neçə ayda cəmiyyətin müxtəlif təbəqlərini təmsil edən çox fərqli insanlarla təmasda oldum. Və gördüyüm budur ki, hüquqları pozulan təkcə ictimai fəal insanlar deyil. Ölkədki qanunsuzluğun və hüquq-mühafizə orqanlarının öşbaşnalığı demək olar ki, hər ailəyə toxunur.
Amma bəla budur ki, böyük əksəriyyət problemini sakitcə, fərdi qaydada rüşvətlə çözməyə çalışır. Məsələ burasındadır ki, sadə insanlar ölkədəki hüquq-mühafizə orqanlarının toxunulmazlığa və cəzasızlıq imtiyazına sahib olduqlarını bilirlər və bunun qarşısında özlərini aciz hesab edirlər.
Əslində isə reallıq başqa cürdür. Hakimiyyət ictimai rəydən qorxur. Nə vaxt ki, insanlar problemlərin həllinə fərdi qaydada deyil, ümumi yanaşma ortaya qoyacaqlar o zaman özlərini aciz hiss etməyəcəklər.