• 25 Aprel 2025 21:34

Sumqayıt xəstəxanasında NÖVBƏ PROBLEMİ: “Həkim tapmaq olmur”

Sumqayıt sakinləri 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında növbələrin düzgün təşkil olunmamasından əziyyət çəkirlər.

 

Oxu.Az xəbər verir ki, bunu saatlarla növbə gözlədiyi halda həkim qəbuluna düşə bilməyən vətəndaş bildirib.

 

“Burada əməlli-başlı xaos yaşanır. Növbə deyilən bir şey yoxdur. Həkim qəbuluna düşmək üçün dörd dəfə növbəyə durmalı olmuşam. Şikayət etsəm də, şikayətimə baxan olmadı, çünki xəstəxanada nə baş həkim, nə də həkim var”, – deyə şikayətçi qeyd edib.

 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaranan vəziyyət aparılan optimallaşdırma işləri ilə bağlıdır.

 

“Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində aparılan optimallaşdırma işləri səbəbindən müəyyən sıxlıq müşahidə olunsa da, bütün pasiyentlərin qəbulu elektron növbə sistemi vasitəsilə həyata keçirilir.

 

Vətəndaşlar tərəfindən ixtisaslı həkimlərə müraciət sayında artım qeydə alınır. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da öz növbəsində növbə yaranmasına səbəb olur.

 

Qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər, eləcə də şəhid ailələrinin üzvləri, qazilər növbəsiz şəkildə qəbul olunurlar”, – deyə məlumatda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər