Tofiq Yaqublunun şikayətinə iki həftə sonra baxılacaq.
24 gündür aclıq edən Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə mayın 6-a təyin edilib.
Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib.
Yaqublunun qızı Nigar Həzi “Facebook” səhifəsində xəbəri şərh edərək yazıb ki, məhkəmənin iki həftə sonraya təyin edilməsi “Əliyev rejiminin Tofiq Yaqublunu öldürmək qərarı verdiyinin sübutudur”.
“Günlər keçdikcə Tofiq Yaqublunun vəziyyəti daha da kritikləşir. Bu gün 24 gündür ki, o, aclıq edir. Bu qədər aclıq 65 yaşlı T. Yaqublu üçün ölüm siqnalıdır. Hər an həyatına elə təhlükə ola bilər ki, onu itirərik.
Ancaq aclıqdan 24 gün keçməsinə baxmayaraq, T. Yaqublu nə mülki xəstəxanaya köçürülür, nə də doktor Adil Qeybullanın davamlı müayinəsinə icazə verilir”, – o qeyd edib.
Aprelin 1-dən azadlığa buraxılması üçün aclıq aksiyası keçirən Yaqublu 13 kq çəki itirib.
Müsavat Partiyasının və Milli Şuranın üzvü olan Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Siyasətçi ittihamları qurama sayır.
Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.
O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi. (ToplumTV)