• 27 Aprel 2025 02:03

Tofiq Yaqublunun səhhəti hər keçən dəqiqə daha da pisləşir.

Müxalif siyasətçi apelyasiya məhkəməsinə qədər sağ qalmayacağını deyib.

 

26 gündür ölüm aclığı edən müxalif siyasətçi Tofiq Yaqublunun vəziyyəti daha da ağırlaşıb.

 

Aprelin 26-da qızı Nigar Həzi ilə telefonda danışan Yaqublu mayın 6-na təyin edilmiş apelyasiya məhkəməsinə qədər sağ qalmayacağını deyib.

“Nigar, heç bilmirəm mayın 6-na kimi sağ qalacağam ya yox, amma siz yenə də hər şeyə hazırlıqlı olun. Öləcəyimi bilsəm də, aclığı dayandırmayacağam. Ya azadlıq, ya ölüm!”, – Nigar Həzi Tofiq Yaqubluya istinadla bildirib.

 

Nigar Həzi deyib ki, atası ümumilikdə 26 gün ərzində 14 kiloqramdan çox çəki itirib:

“Təzyiqi daha da aşağı düşərək 72/107 olub. Saturasiyası 96, temperaturu 36.1, ürək döyüntüsü 88-dir. Onun səhhəti hər keçən dəqiqə daha da pisləşir. Artıq geridönməz halların baş verməsi an məsələsidir. Tofiq Yaqublu hələ də mülki xəstəxanaya köçürülmür. Nə də həkimi Adil Qeybullanın onu daimi müşahidə altında saxlamasına icazə verilmir. Məhkəmənin mayın 6-na təyin edilməsi isə Tofiq Yaqublunun ölümündən sonra şikayətə baxılması deməkdir. Bu davranışın adı qətldir. Tofiq Yaqublunu öldürməyin, azad edin. Bu məsuliyyətin altından çıxa bilməyəcəksiniz”, – Nigar Yaqublu bildirib.

 

Tofiq Yaqublunun həbsi ilə əlaqədar beynəlxalq reaksiyalar da artmaqdadır.

ABŞ Konqresinin üzvü Eleanor Holmes Norton “X” hesabında yazdığı postda Prezident İlham Əliyevi Tofiq Yaqublunu azad etməyə çağırıb.

Norveç Helsinki Komitəsi də yaydığı bəyanatda Tofiq Yaqublunu azad etməyə çağırıb.

 

Almaniyanın AŞPA-da təmsil olunan deputatı Frank Şvabe də Tofiq Yaqublu ilə bağlı narahatlıq ifadə edib.

Bununla bərabər, Azərbaycandakı repressiyalar ABŞ Konqresində müzakirə ediləcək. Konqresin insan hüquqları üzrə Tom Lantos adına komissiyası keçiriləcək tədbirlə bağlı yaydığı məlumatda qeyd edib ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti pisdir.

 

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Buna etiraz olaraq aprelin 1-dən ölüm aclığı edir.

Tofiq Yaqublunun apelyasiya məhkəməsi isə mayın 6-na təyin olunub.

 

Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.

 

Tacxeber.com

 

Oxşar xəbərlər