TSK (Trampı Sevməyənlər Klubu) sindromu. Düşünmək üçün.

Yəqin ki, hamınız məşhur lətifəni bilirsiniz:
Molla Nəsrəddin eşşək belində oğlu ilə harasa gedirmiş. Eşşəyi Molla minibmiş, kəndin birində camaat Mollaya baxır deyir: – Bu ağsaqqala bax da, uşaq yazıq yerdədi, bu utanmır eşşəyin belindədi.
Molla eşşəkdən düşür, oğlun mindirir. Bir az gedirlər, camaat baxır ki, uşaq eşşəkdədi, Molla yerde. Deyirlər ki: – Bu mollaya bax da, uşağa tərbiyə verməyib e, ağsaqqal adam piyadadı, uşaq eşşəkdə.
Molla baxır əlac yoxdu, özü də uşaqla bərabər eşşəyi minir ki, bəlkə camaat susa. Camaat yenə dillənir: – Nç nç, necə adamdılare, bir eşşəyi ikisi birdən minib e… Yazıq heyvan…
Molla və uşaq piyada getməyə davam edəndə də deyirlər ki: – Gör ağıl var? Eşşəyin ola piyada gedəsən.
Axırda Molla eşşəyi belinə mindirib elə yola davam edir…
Dünya mediasına, sosial şəbəkələrə (elə bizim medianın bir qismi və sosial şəbəkələr seqmentinın bəzi iştirakçıları da bura daxil) baxanda aydın görünür ki, Trampı və onun apardığı siyasəti irrasionalcasına, instinktiv şəkildə sevməyənlər var. Yəni, adam nə etsə, nə danışsa, zatən bəyənməyəcəklər. Ən bariz nümunə də Ukrayna məsələsindədir – “Tramp səhv edir, Tramp Ukraynanı satdı, Tramp Putinin adamıdır və s.”, kimi tezislər səsləndirinlər elə 2-ci sualdaca error verirlər.
Tramp deyir müharibə indiki vəziyyətdə dayansın, atəşkəs olsun, zatən heç vaxt geri dönməsi mümkün olmayan Krımı tanıyım (başqa heç kim tanımasa da olar), Ukraynanın onillərdir ki, torpaq altında qalan, çıxarılmasına və emalına Ukraynanın nə pulu, və texnologiyaları olan resursları, Ukraynanın dəniz limanları, dəmir yolları ifrrastrukturunu qoruma altına alım birgə istismar edək, Zaporojye AES-nı, Kaxovsk su hövzəsini və stansiyasını Rusiyadan alım, Dnepr çayına Ukraynanın birbaşa və maneəsiz çıxışı qalsın – bütün bunları İNDİ edək və Ukrayna zaman qazanıb güclü dövlət, iqtisadiyyat qursun, 10 mln. qaçqını vətəninə dönsün (məncə, 30-40%-i dönə bilər, hamısı yox), bütün bundan sonra da post-Putin dönəminə hazır olsun ki, sonra nəsə etmək mümkün ola bilər. Çünki, təkadam sistemi olan Rusiyada hər şey bir nəfərə bağlıdır, Putindən sonra iqtidar savaşları çox kəskin olacaq.
Yaxşı, bəs TSK-nun aktivistləri nə deyir, suallar verək onlara, cavab gözləyək:
1) Bayden və komandası 3 ildir Ukraynaya yarımçıq da olsa kömək edirdi, o zaman Tramp yox idi, bəs bu 3 ildə Ukrayna Krımı və digər torpaqları nədən geri ala bilmədi?
2) Tramp müharibəni atəşkəslə dayandırmasa, Ukrayna torpaqlarını müharibə yolu ilə geri ala bilərmi?
3) Tutalım, Tramp çəkildi, siyasi və hərbi “impotent” olan Avropa Birliyi, Avropa dövlətləri Ukraynaya necə və nə qədər kömək edəcəklər, və ya, kömək edəcəklərmi?
4) Atəşkəsin alternativi müharibədirsə, Ukraynanın silah bir qırağa, canlı qüvvəsi daha 2-3 il savaş aparmağa yetərlidirmi?! Görürük ki, Putin rejimində, ümumiyyətlə son 300 illik Rusiya sistemində insan və qarışqanın heç bir önəmi, insan həyatının heç bir dəyəri yoxdur, Kreml pulla, təbliğatla yüzminləri səfərbər edir, hələ də edə biləcək, çünki, hər ay 40 min rusiyalı yüksək maaşla orduya yazılırlar, bu ilə 500 min yeni əsgər deməkdir, Ukraynanın belə bir resursu varmı?
5) TSK üzvləri deyirlər ki, Tramp Rusiyaya yetərli basqı qurmur, onlara qayıdıb arqument söyləyirsən ki, axı Bayden idi son 3 ildə, o niyə kəskin basqı qurub Rusiyanı çökdürə bilmədi, kim, və ya nə mane olurdu buna? Baydenin sözdə Putinə, “qatil” deməsimi Ukraynaya kömək olur, ya Trampın üzdə hörmət saxlayıb, danışıqlar üçün manevr imkanı saxlamasımı Ukrayna üçün önəmlidir?
Sözün qısası, bu TSK sektasının aktivistləri Trampın indi nə etməli olduğunu söyləmirlər, nə etsə top atəşinə tuturlar, 2-ci sualda çaşırlar, sual isə sadədir – xub, siz onun yerinə olsanız Ukrayna məsələsində necə davranardınız, buyurun, 1,2,3,4,5 deyə sayın. Saya bilməzlər, çünki, onların yanaşması irrasionaldır, nifrət heç vaxt rasional olmur, emosiya həmişə məntiqə uduzur…
P.S. Trampın iqtisadi addımları, bəzən qəbuledilməz ritorikası haqqında arqumentli, ciddi tənqidlərim var, bu heç, indi söhbət Ukrayna məsələsindən gedir.