Tural Sadıqlının əmisinin üstündən qumbara çıxıb. Lazım olsaydı lap tank da çıxardı, helikopter də.

Tural Sadıqlının əmisi həbs olunub. Onun üstündən qumbara çıxıb. Əlbəttə, lazım olsaydı tank da çıxardı, helikopter də.
Mən Tural Sadıqlını da dəfələrlə tənqid etmişəm. Çünki o, nümayişkaranə şəkildə qərəzli danışır. Ancaq Tural Sadıqlıya görə onun əmisi həbs olunmamalıdır. Bir biədəb misal var, üzr istəyərək deyəcəm: eşşəyə gücü çatmır, palanı döyür. İqtidarın Tural Sadıqlıya əli çatmır, əmisini qapazlayır…
İqtidar belə sarsaq işlərlə məşğul olmamalıdır. Siyasi motivlərlə bağlı həbsləri dayandırmaq, bu üsuldan birdəfəlik imtina etmək lazımdır. Siyasi səbəblərdən şərlənərək həbs olunmuş 360 nəfərə yaxın siyasi məhbusu isə buraxmaq lazımdır. Bugünlərdə ağır xəstə olan Əvəz Zeynallını həbsdən buraxdılar. Bu, xalq tərəfindən rəğbətlə qarşılandı. Bunun davamı da olmalıdır…
Yüz dəfə yazmışam. Bir də deyirəm: Ağıllı adamlar cərrah bıçağı lazım olan yerdə qəssab baltasından istifadə etmir. Avropadakı siyasi mühacirlərlə adam kimi danışmaq və ümumi məxrəcə gəlmək olar. Mən əminəm ki, ortada olan 100 faizlik problemin 50-60 faizi ortadan qaldırıla bilər. Bunun üçün adam kimi danışmaq yetər. Siz də zəhmət çəkin insanlarla hökmlə yox, adam kimi danışmağı öyrənin.
Bu həbslə bağlı Meydan TV-yə baxmaq istədim. Niyə? Çünki bilirəm ki, yerli media bu məsələ ilə bağlı ya yazmayacaq, yazsa da qərəzli yazacaq. Mediamız da bugündədir. Boş-boş mediamızda baş verən yalançı islahlardan danışmaqla deyil ki. Meydan TV-yə giriş yoxdur, bloklanıb…
Azərbaycanda köklü siyasi, iqtisadi islahatlar keçirilməlidir. XXI əsrdə yaşayırıq. İnzibati üsullarla xalqı əsarətdə saxlamaq olmaz. Azərbaycan xalqı belə rəftara layiq deyil. Bütün dünya demokratiyaya, mədəniyyətə can atır, Azərbaycan isə totalitar təfəkkürdən heç cür əl çəkə bilmir…