• 28 Aprel 2025 08:32

Bankdan oğurlanan 1.5 milyonluq “əsrin oğurluğu”: Brejnevin nəzarətində olan işin maraqlı detalları.

48 il əvvəl – 1977-ci il avqustun 5-də SSRİ-də sovet tarixində Dövlət Bankından ilk və ən böyük oğurluq hadisəsi baş vermişdi. O vaxta qədər, hətta qatı cinayətkarlar belə, ölkənin əsas bankından oğurluğa cəhd eləməmişdilər.

 

Milliyyətcə erməni olan Nikolay Kalaçyan əmisi oğlu ilə birlikdə ağlasığmaz addım atıb. İki əmioğlu Dövlət Bankının kassasına daxil olaraq, oradan 1,5 milyon rubl pul oğurlayıblar.

 

“Sovet dövründə əsrin oğurluğu” adlandırılan bu cinayətin təfərrüatları məlum olub. Nikolay Kalaçyan istintaqa ifadəsində bunları danışıb:

“Zaven Baqdasaryan bankın İrəvan filialında saxlanılan vəsaitlərin yenidən hesablanması komissiyasının üzvü idi. O, bu filialı soymağı təklif edəndə çox qəzəbləndim. Dedim ki, nə danışırsan, mən silahlı quldurluğa getmirəm”. Zaven cavab verdi ki, sənə kim deyir silahlı basqın eləyəsən? Hər şey sənin təsəvvür etdiyindən daha sadədir…”

 

1951-ci il təvəllüdlü Kalaçyanın ailəsi çox kasıb yaşayırmış. Atası onkoloji xəstəlikdən əziyyət çəkirdi, anasının bütün qazancı müalicəyə gedirdi. Bu gərginliyə görə Nikolay Kalaçyan evdən qaçıb. O, narkotik satıb, sonra zibil daşıyıb, sonradan tornaçılıq sənətinə yiyələnməyə başlayıb. Həmin dövrdə Nikolay dostlarıyla birlikdə bir əmanət bankından oğurluq edib. Onlar divarı deşməklə banka daxil olublar. Oradan bir neçə min rubl pul götürüblər.

O zaman bu cinayət cəzasız qalıb, polislər oğruları tapıb cəzalandıra bilməyib. O ərəfədə Nikolay İrəvana köçüb və əmisi oğlu Feliks Kalaçyanla münasibətləri yaxınlaşıb.

 

Feliks Kalaçyan məktəbdə yaxşı oxuyur, gimnastika ilə məşğul olurmuş. O, ali təhsil almaq üçün getdiyi yerdə tanış olduğu qadınla ailə qurub, bir qızı və bir oğlu dünyaya gəlib. Lakin ailəsi çox kasıb yaşayırmış. Feliks qapıçı, arvadı isə xadimə idi. Pul qazanmaq üçün İrəvana gedən Feliks orada əmisi oğlu ilə qarşılaşıb.

Əmisi oğlunun fiziki göstəricilərini nəzərədə alan Nikolay Kalaçyan onu “işə” cəlb etməyə qərar verib. Ona audiotexnika satılan mağazadan oğurluq etməyi təklif eləyib. Həmin vaxt mağazaya yeni mal gəlibmiş.

 

Feliks asan pul qazanmaq üsuluna razılıq verib. Qohumlar gecə yarı pərdəni söküb, bir neçə maqnitofon aparıblar. Onlar bir müddət sonra həmin avadanlıqları ucuz qiymətə satıb, 15 min rubl pul qazanıblar.

Feliks ona çatan pulun bir hissəsini ailəsinə göndərib. Qalan hissəsini isə Moskvada əmisi oğlu ilə brilikdə xərcləyib.

Nədənsə, oğurluq baş vermiş mağazanın sahibi bu haqda polisə məlumat verməmişdi. Nəticədə əmioğulları cəzasız qalmışdılar. Nikolay hesab edirdi ki, oğurlanan mallar qeydiyyatda olmadığına görə mağazanın direktoru polisə xəbər verməyib.

 

1977-ci ilin əvvəlində onlar tanışları Zaven Baqdasaryanla görüşüblər. O, iqtisadiyyat fakültəsinin məzunu olmuşdu, Dövlət Bankının da İrəvan filialında vəsaitlərin hesablanması üzrə komissiyanın üzvü idi. Anbarda gördüyü məbləğlər Baqdasaryanı heyran eləmişdi. Zaven Kalaçyanlara danışıb ki, bu filialda 100 milyon rubl pul var. Daha sonra onlara həmin pulları oğurlamaq ideyasını verib.

 

Baqdasaryan onlara xəbər verib ki, ikinci mərtəbədəki kiçik otaqda bir neçə rəfdə pullar yığılıb. Filialın özü köhnə, üçmərtəbəli binada yerləşirdi. 30-cu illərdə onu məhbuslar nisbətən kövrək materialdan – vulkan tufundan istifadə edərək tikmişdilər. Ona görə də ora asanlıqla daxil olmaq mümkün idi.

Əvvəlcə əmioğlular riskə getmək istəməyib, lakin 3 ay sonra razılıq veriblər. Cinayətin planlaşdırılması, kəşfiyyat işləri də bir müddət çəkib. Mərtəbələrin planı, divarlar, siqnalizasiya sistemi haqda onlara Baqdasaryan məlumat verirdi.

 

Nikolay rəssam görkəmində bankın yerləşdiyi ərazidəki küçələrdə gəzməyə başlayıb, tez-tez binanın yanından keçərək, müəyyən məsələlərə diqqət yetirib.

Müşahidələr zamanı məlum olub ki, həftəsonları növbədə olan gözətçilərin sayı az olur. Ona görə də cinayətin vaxtını yayda həftəsonuna salmaq qərarı veriblər. Avqustun əvvəlinə plan hazır olub: yaşayış binasına bitişik divarı deşib, Feliks əməkdaşların istirahət otağına daxil olmalıydı. Oradan isə döşəmədəki deşik vasitəsilə pul olan anbara düşməliydi.

 

Kalaçyanlar hər şeyi düşünmüşdülər, hətta havanın istiliyinə görə Feliks üçün götürülməli üç şüşə mineral suya qədər. Çünki isti hava planın icrasına mane ola bilərdi. Bundan əlavə, cinayətkarlar bu suda qazmaları soyutmağı planlaşdırmışdılar.

Planda adi bir çətirə mühüm rol verilmişdi. Nikolayın fikrinə görə, Feliks əvvəlcə döşəmədə kiçik bir deşik qazmalı, içərisinə çətiri yapışdırıb onu açmalıydı. Sonra əl qazma işini davam etdirməliydi ki, mala, sement parçaları çətirin üzərinə düşsün və səs-küyü olmasın.

 

Onlar cinayəti həyata keçirmək üçün avqustun 5-nə keçən gecəni seçiblər. Lakin oğurluğun planlaşdırıldığı gündən bir həftə əvvəl taksidə Nikolay qəzaya düşüb və xəstəxanaya yerləşdirilib. Onu ziyarətə gələn Felikslə məsləhətləşdikdən sonra Kalaçyan cinayəti təxirə salmamaq qərarına gəlib və xəstəxanada çarpayıdan əmisi oğlunun hərəkətlərini koordinasiya etməyə başlayıb.

Feliks təyin etdikləri gün planı icra etməyə gedib. Özü ilə böyük bir gəzinti çantası götürdü, içərisində də drel, makakeş, ling, mişar, çəkic, fənər və çətir götürüb.

 

Yaşayış binasının üçüncü mərtəbəsinə qalxan Kalaçyan bütün gecəni çalışsa da, aradakı divarı dağıda bilməyib. Ona görə də səhərəyaxın oranı tərk edib, amma gecə növbəti dəfə ora qayıdıb. Orada anlayıb ki, belə qalın divarı deşə bilməyəcək. Bu üzdən B planı fikirləşməyə başlayıb. O, binanın damına çıxaraq, ətrafı gözdən keçirib. Bu zaman diqqət yetirib ki, bankın əməkdaşlarının istirahət otağının pəncərəsində dəmir barmaqlıq yoxdur. Üstəlik, pəncərə də açıqdı. Məsələ burasındadır ki, həmin ərəfədə binada təmir gedirdi. Rəngin iyi tez getsin deyə, ustalar pəncərəni açıq qoyurdular. Bankın təsərrüfat məsələlərinə baxan işçisi isə sonradan pəncərəni bağlamağı unutmuşdu.

 

Feliks Kalaçyan risk edərək damdan tullanıb və istədiyi kimi, üçüncü mərtəbədəki pəncərənin ağzına düşüb.

Planın ikinci hissəsi daha rahat alınıb. O, döşəmədə diametri 34 santimetr olan deşik açıb və armatur parçasına bərkidilmiş kəndirdən istifadə edərək, anbara daxil olub, oradan 1,5 milyon rubl pul olan iki kisə götürüb.

Oğru çəkisi təxminən 32 kiloqram olan pulları çantasına yığıb, özüylə gətirdiyi alətləri isə orada atıb gedib. Döşəmədəki dəliyi çətirlə bağlayan Feliks səhərəyaxın kəndirlə istirahət otağının pəncərəsindən bayıra çıxıb. Həmin vaxt artıq hava işıqlaşmağa başlamışdı.

 

Nikolay planın icra olunduğunu biləndən sonra həmin gün sevincək xəstəxananı  tərk edib. Kalaçyanlar əvvəlcədən kirayə götürdükləri evə gedərək, oğurladıqları pulu orada gizlədiblər. Orada pullara baxan Nikolayın diqqətini çəkib ki, bütün yüzlük əskinasların seriyası eynidir. Başa düşüb ki, müstəntiqlər seriya məsələsindən ipucu kimi istifadə edə bilərlər. Ona görə də əmisi oğluna və Baqdasaryana hələlik yüzlük əskinaslara toxunmamağı tapşırıb.

 

Nikolay yanılmamışdı. O zaman bu müdhiş oğurluqdan xəbər tutan SSRİ-nin Baş katibi Leonid Brejnev özü məsələni nəzarətə götürmüş, AI seriyasının 100 rubl nominallı əskinaslarının dövriyyəsini izləmək göstərişi vermişdi. Ölkənin bütün əmanət kassalarına göstəriş verilmişdi ki, belə əskinaslardan istifadə edən olarsa, mütləq polisi məlumatlandırsınlar.

Həmin ərəfədə Rusiya Nazirlər Şurasının sədr müavini bankda yüzlük əskinası dəyişmək istəyəndə onu Moskvada saxlamışdılar.

 

Bu cinayətlə əlaqədar keçmiş postsovet ölkələrindən təcrübəli şəxslər araşdırmaya cəlb olunub. Bu cinayət işi üzrə Ermənistana gələnlər arasında SSRİ Daxili İşlər nazirinin müavini Şumilin, SSRİ Cinayət-Axtarış İdarəsinin rəis müavini Volkov da olub.

Cinayətkarın hansı üsulla binaya daxil olduğunu istintaq çox tez müəyyənləşdirdi. Amma bundan sonra istintaq irəli gedə bilmədi.

 

İstintaqçılar erməni qanuni oğlu Rafael Baqdasaryan da daxil olmaqla, bütün kriminal aləmlə əlaqəyə girdi. Əmin oldular ki, cinayətkarların bu işə aidiyyəti yoxdur. Bankın 161 əməkdaşı şübhə altına düşdü ki, onların arasında Zaven Baqdasaryan da vardı.

Baqdasaryan deyirdi ki, onu da bir neçə dəfə bu iş üzrə dindiriblər. Amma izlənildiyini hiss eləməyib.

 

İstintaqçılar döşəmədəki dəliyin yanında asılmış lampada əl izləri aşkarlamışdılar. İzlər bankın təsərrüfat işlərinə baxan Qavrilova aid idi. Onu istintaqa cəlb eləmişdilər. O, qorxduğuna görə ifadələrində çaşırdı. Bu isə onun üzərindəki şübhələri artırırdı. Amma araşdırmalardan sonra əmin oldular ki, bu şəxs cinayətkarların köməkçisi olmayıb.

Məlum oldu ki, Qavrilov lampanı fırladanda çətirlə örtülmüş dəliyi görüb. Lakin o, pəncərəni bağlamamaqla səhlənkarlığa yol verməsinə görə məsuliyyətdən qorxaraq bunu aşkarlaması haqda heç kimə heç nə deməyib, susmaq qərarına gəlib və çətiri götürərək həmin istirahət otağını tərk edib. Bundan sonra istintaqçılar çətirdə cinayətkarın əl izlərini tapmağa ümid edirdilər, lakin boş yerə – Feliks heç bir iz buraxmamışdı.

 

Həmin ərəfədə Kalaçyanlar Moskvanın Krasnopresnenski rayonuna köçmüşdülər. Orada Nikolay Lyudmila Aksenova adlı qızla sevgili olmuşdu. İrəvanda yerli vəzifəli şəxslərdən birinin qızı olan Narine adlı sevgilisinin onu gözlədiyini Lüdmiladan gizlətmişdi.

Lyudmila sevgilisinin zəngin olduğunu bilirdi, lakin Nikolay sahib olduğu pulları kazinoda udduğunu demişdi.

 

“Mən onu həqiqətən sevirdim. Evlənməyə razılaşdıq. Və sonra onun bu adam olduğuna inana bilmədim. Sadəcə sevdiyimin oğru olduğuna inana bilmirdim”, – sonralar Lüdmila danışırdı.

Nikolay pulların böyük bir hissəsini İrəvandan Moskvaya gətirmişdi. Qonaq gələn sevgilisinin çantasını qayıdacağı gün pullarla doldurmuşdu. Vağzalda Lüdmilaya polis yaxınlaşaraq, ondan çemodanı açmağı tələb edəndə tez Nikolay gəlib məsələni həll eləmişdi – polisə 10 rubl vermişdi. Bundan öncə isə o, vağzalın kassasında risk edərək, yüzlük əskinası dəyişmişdi.

 

Polis də pulu alıb çemodanı açdırmamışdı.

Kalaçyanlar kiçik əskinasları qısa müddətdə xərcləyib qurtarandan sonra yol düşünürdülər ki, 110 bağlama yüzlük əskinası necə xərcləsinlər.

Nikolay çıxış yolunu 3 faizli dövlət kreditinin istiqrazlarını almaqda gördü. Lakin oğrular özləri əmanət kassalarına getməyəcəkdi.

Nikolay sevgilisi Lüdmilanın qardaşı, taksi sürücüsü Vladimir Kuznetsovdan bu işi görməyi xahiş eləyir. Özünün getməməyini də belə izah edir ki, qumar oynayıb bu pulu qazandığına görə cinayət məsuliyyətindən qorxur. “Yuyulan” pullara isə onun bacısıyla möhtəşəm toy edəcəklərini bildirir.

 

Kuznetsov gələcək yeznəyə kömək etməyə razılaşır. Qiymətli kağızların birinci partiyasını bir neçə dəfəyə Daşkənddə alır, buna 24 min rubl xərcləyir. Cinayətkarların bəxtindən Vladimirin qarşısına çıxan kassirlər diqqətsiz yanaşırlar. Bu üzdən istintaqçılar AI seriyalı əskinasların Özbəkistanda peyda olduğunu dərhal öyrənə bilməmişdilər. Əməliyyatçılar Daşkəndə gələndə isə artıq Kuznetsov oradan getmişdi.

Bu vaxt Kalaçyanlar Soçiyə köçmək qərarına gəldilər – 13 min rubla Nikolay Moskvanın cənubunda çay limanı yaxınlığındakı bazardan işlənmiş yaşıl “Jiquli” alıb. Avtomobili də Lüdmilanın adına rəsmiləşdirib.

 

Bir qədər sonra isə ehtiyat təkərin altında gizli yerdə Moskvadan bütün pulları çıxarmaq qərarına gəlir. Daşkənddə ilişməməkləri onları ruhlandırmışdı, vaxt itirmək istəmirdilər. Taksi sürücüsü Vladimir Kuznetsovu Moskvadakı əmanət kassalarına istiqraz almağa göndərirlər. O, əvvəlcə gündə bir-iki istiqraz alırdı, sonra isə birdən-birə 6000 rubla qiymətli kağızlar almağa qərar verir. Çertanovskaya küçəsindəki əmanət kassasının işçisi belə böyük məbləğdən təşvişə düşərək, onu yayındırıb polisə zəng eləməkdən ötrü vaxt qazanmaq məqsədilə deyir ki, cəmi üç min rublluq istiqrazı var, qalanı üçün kassaya getməlidir.

 

Kassirin uzun müddət gəlib çıxmaması Vladimiri narahat edir. O, qalan istiqrazları da yaddan çıxararaq gedir.

Amma əməliyyatçıların bəxti gətirmişdi, kassirin yaddaşı güclü idi. O bildirmişdi ki, həmin kişi yaşıl “Jiquli”yə əyləşdi, fotorobotunu da dəqiq təsvir eləmişdi. Polislər qısa müddətdə Kuznetsovun evini müəyyənləşdirə bildilər.

 

Həmin vaxt əməliyyatçılar paytaxt Moskvadakı bütün yaşıl “Jiquli”ləri yoxlamışdılar. 1978-ci ilin yazında sahə müvəkkili yaşıl “Jiquli”yə üç nəfərin minib getdiyinə diqqət yetirmişdi. Polis araşdırır ki, o üç nəfərdən ikisi Kalaçyan qardaşlarıdır, Yablonskaya soyadlı şəxsin evini kirayə götürüblər, bugünlərdə onlardan birinin sevgilisinin evinə gediblər.

Ev sahibi onu da bildirib ki, həmin şəxslərin kifayət qədər pulu vardı.

 

Ev sahibi paltarlarından birinin qaldığını bəhanə edərək, Kalaçyanlardan geri qayıdıb götürməsini istəyir. Gecə saatlarında Nikolay gəlir və polislə qarşılaşır. Lakin o, polisə müqavimət göstərmir.

Polislər daha sonra Lüdmilanın evində Feliksi və taksi sürücüsü Vladimiri tuturlar. Həmin vaxta qədər Kalaçyanlar oğurladıqları 1.5 milyon rubldan 600 minini xərcləmişdilər. Təxminən 800 min ehtiyat təkərin altından tapılmışdı. 100 min rubl isə torpağa basdırmışdılar.

 

Məhkəmə bankın əməkdaşı Zaven Baqdasaryana 11 il cəza kəsib. Vladimir Kuznetsovun birbaşa oğurluğa aidiyyəti olmadığına görə onun cəzası daha yüngül olub.

Kalaçyanlar haqqında isə ölüm hökmü çıxarılır. Bu cəzanı Ermənistan Ali Soveti Rəyasət Heyətinin sədri Babken Sarkisov çox ağır hesab edir. Onların əfv edilməsi xahişiylə SSRİ Ali Sovetinə müraciət ünvanlayır. Müraciətində onların gənc olmasını, birinin himayəsində iki uşağı olmasını qeyd edir.

 

Sarkisovun arqumentləri əsaslı hesab olunur və xahişi təmin edilir.

Lakin Kalaçyanları xilas edən sənədlər İrəvana gec gəlib çatır: təcili sənəd daşıyan avtomobil yolda dayanır. Sənəd həbsxanaya çatanda isə məlum olur ki, Feliks və Nikolay bir gün əvvəl güllələnib. (Bizimyol.info).

 

Tacxeber.com

Oxşar xəbərlər