• 28 Aprel 2025 08:32

“Köklü dəyişiklik ağır gəlir” — Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının XXXII turunun “Sabah” – “Qarabağ” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

 

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

 

– Futbolçularımı təbrik edirəm. Bir illik əziyyətdən sonra çempion olduq. Bu, məni sevindirir. Həqiqi çempionluq oyunu oldu. Hər iki tərəf ağıllı və dinamik oynadı. Azarkeşlərimiz də bu çempionluğa layiqdir. İlboyu bizimlədirlər, tək qoymurlar. “Sabah”a uğurlar arzu edirəm.

 

– Futbolçular üçün sanki çempionluq adiləşib…

 

– Uşaqları oyunda motivasiyada saxlamaq asan deyil. Onların arzusu olmada, bunu etmək çətin olar. İlk dəqiqələrdən sona kimi yaxşı mübarizə apardılar. Hər uğurun ilkləri daha xoş olur. Mən isə həmişə növbəti uğur üçün can atıram.

 

– Kubokun finalında da bu komandayla qarşılaşacaqsız. Nəsə yoxladınız?

 

– Heyəti tam dəyişmişdik. Son matçlarda demək olar, eyni heyətlə oynayırdıq. Yorğunluq hiss olunurdu. Həm uşaqları qorumaq istəyirdim. Yükləmə olanda bərpa bir az zaman alır. Çoxdan oynamayan uşaqlar da dinamikanı qorumağa çalışdılar. Onlara təşəkkür edirəm. Hər çempionatda belə heyətlə oyunlarımız olur və onlar çempionluqda böyük pay sahibidir.

 

– Qarşıdakı oyunlarda da rotasiyalar olacaq?

 

– Ola bilər. Çalışıram ki, futbolçuların idman formasını qoruyum. Gedişata görə addımlar atacağıq.

 

– Komandada köklü dəyişikliklər olacağı iddia edilir. Belə plan var?

 

– Köklü dəyişiklik ağır gəlir. Vəziyyətə uyğun addım atmağa çalışacağıq. Hansı futbolçu ilə işləmişəmsə, onu göndərmək istəməmişəm. Onların əziyyətini görürəm. Buna görə kimisə göndərmək istəmirəm. Baş məşqçi kimi ayrılıqlar çətin gəlir. Komandaya yeni nəfəs vermək, aktivləşdirmək üçün şansımız olsa, addımlar atacağıq. Heyətimizə yeni oyunçular qatmaq istəyirik. Bəzi gedənlərin yeri boş qalıb. Qlobal dəyişiklik olacağını demək olmaz.

 

– Penalti olmasaydı, xal qazanmaq şansınızı necə dəyərləndirirsiniz?

 

– Penaltidən qol vuranda da xal verilir. Penalti olmasaydı, qələbəmiz olmazdı demək düzgün deyil. İl ərzində 3-4 dəfə penalti qolu ilə xal qazanmışıq. Qol epizodlarımız olur.

 

– “Sabah”ın oyunçularını necə xarakterizə edərdiniz?

 

– Onları həmişə dəyərləndirmişəm. Sürətli, texnikalı oyunçuları var. Bu komandaya qarşı yaxşı oynamaq üçün çox hazırlaşmalıyıq. Düşünülmüş hücumları olur. Diqqətsizlik qapımızda qola səbəb oldu.

 

– Tahir Gözəl bildirdi ki, 4-5 transfer olacaq. Bu haqda nə deyə bilərsiniz?

 

– Hər ilin sonunda rəhbərliklə müzakirələrimiz olur. Qarşılıqlı təşəkkür edirik. İşimizi düzgün yetirsək, birlik möhkəm olsa, uğur olur. Danışacağıq. İllərboyu həmişə istəmişik ki, yayda daha çox transfer edək. Bəzən olub ki, 4-5 transfer istəyib, sonda 2 yeni oyunçu gətirmişik. Diqqətimdə olan oyunçular var. Bəzən hər istədiyin oyunçunu gətirə bilmirsən. Avropaya meyilli olurlar, maliyyə baxımından fərqli istəkləri olur. Hər bir halda, yeni nəfəs lazımdır. Daha uğurlu olmaq istəyiriksə, çox çalışmalı, heyətimizi gücləndirmək istəyirik.

 

– Benzia və Marko Veşoviçin klubdan çox maaş istədiyi yazılır. Bu oyunçularla bağlı vəziyyət necədir?

 

– İstəyərəm ki, bu oyunçularla illərlə birlikdə olaq. Bir-birimizi yaxşı anlayırıq. Yazılanlar doğru deyil. Hansısa futbolçunun yüksək maaş tələbi olduğu üçün müqavilə bağlanılmadığı kimi məsələ olmayıb. Futbolçular bir yaşdan sonra son addımlarını atmaq istəyirlər. Veşoviç və Benziada maaş məsələsi olmayıb. Hər oyunçunun öz yeri var. Futbolçular öz bacarıqlarına görə fikirlərini bildirirlər. Kadk gəldi deyə, kimsə maaşımı artırın deməz. Bəzən olub ki, bir futbolçuya ilboyu danışığımız olub. Oyunçular üçün də qərar vermək asan olmur. Onların özlərinə də çoxlu məsləhət verən olur. Onları anlayıb, sərbəst buraxıram. Futbolçu karyerası qısadır, olduğun yerdə ürəkdən oynayır, bu komandanın uğuru üçün güclərini sona kimi qoyursa, mən də hansısa kompromisə getməliyəm.

 

– Çempionlar Liqasında hədəf nə olacaq?

 

– Fikir bildirə bilmərəm. Hələ vaxt var. Hər il daha yaxşı olmaq istəyirik.

Tacxeber.com

Oxşar xəbərlər