“Prezident Pezeşkian Şəhriyarın məlum misralarını oxumaqla nə demək istəyir?” – Şahin Cəfərli

Prezident Pezeşkian bu misraları oxumaqla şübhəsiz ki, öz dövlətinin rəsmi mövqeyinə zidd hərəkət etmir.
İran dövləti Azərbaycan Respublikasına özünün itirilmiş tarixi ərazisi olaraq baxır. Bu ərazi, yəni şimali Azərbaycan Rusiya İmperiyası tərəfindən zor gücünə – müharibə yolu ilə Qacarlardan qoparılıb. Arazı təbii sərhəd kimi ruslar müəyyənləşdirib. Bu səbəbdən İran rəsmiləri (etnik mənsubiyyətindən asılı olmayaraq) ayrılıq mövzusunda dərdlənərkən və Şəhriyar poeziyasına müraciət edərkən səmimidirlər. Onlar Gülüstan və Türkmənçay müqavilələrini İran torpaqlarının itirilməsinə səbəb olan faciə kimi qəbul edirlər. Prezident Həsən Ruhani 2019-cu ildə inqilabın 40-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərkən aşağıdakları söyləmişdi:
“Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar…”
Yəni, İran dövləti, açıq söyləməsə də, əslində vahid Azərbaycanın tərəfdarıdır – əlbəttə ki, öz tərkibində. İran prezidentinin İran dövlətini parçalayaraq vahid, müstəqil Azərbaycan dövləti qurmaq istədiyinə inanmaq ağla və məntiqə zidd olardı.
Sadəcə olaraq, rejim özünün və dövlətin gələcəyi baxımından ekzistensial təhdid gördüyü üçün etnik türk olan siyasətçini bu mərhələdə önə çıxarmaq zərurəti hiss etdi. Bu, daxili siyasətdə milli birliyə, xarici siyasətdə isə qonşu türk dövlətləri Türkiyə ilə Azərbaycanın İrana qarşı ABŞ-İsrail planlarında yer almasını əngəlləməyə yönəlmiş strateji düşüncənin məhsuludur. Nəticəsi nə olacaq, o ayrı mövzu…