• 28 Aprel 2025 08:38

““Tofiq Yaqublu həbsxanada olsa da, ailəsi çox yaxşı yaşayır” deyənlərə” – Nigar Həzi

“Tofiq Yaqublu həbsxanada olsa da, ailəsi çox yaxşı yaşayır” deyənlərə yaxşı yaşamağın təsviri.

 

Seymurla bərabər 17 aydır ki, Bakının həbsxanalarını gəzirik. Bu müddət ərzində elə həftəsonu olmayıb ki, biz qar, boran, çovğun, leysan demədən həbsxanaya getməyək. Gah Kürdəxanı, gah Umbakı, indi də müalicə müəssisəsi. Həbsxanaya getməyin isə nə demək olduğunu yolu həbsxanaya düşənlər çox yaxşı bilir. Uzun illərdir ki, ailə həyatımız ancaq həbsxana qayğıları ilə bağlıdır.

 

Demək olar ki, özümüzü unutmuşuq. Təsəvvür edin ki, parka getməyə belə vaxt tapmaq bizim üçün ən böyük istirahətdir. Ona da əgər vaxt tapsaq.

 

Problemlər, həbsxana və məişət qayğıları bir yanda, bir yanda da həbsxanada ölümlə mübarizə aparan ata. Ölümün nə demək olduğunu o qədər dərindən yaşamışıq ki, ata ilə hər görüşdə birdən onu sonuncu dəfə sağ görmüş olaram qorxusu da adamı məhv edir. Bu qədər uzun aclıqdan sonra birdən hansısa orqanı qəfil fəaliyyətini dayandırar, bununla da həyatı bitər. Bu düşüncələrin yaratdığı gərginliyi, stresi bir də siz təsəvvür edin. Hər səhər özüm belə birdən atayla bağlı qara xəbər görərəm qorxusuyla facebooka baxıram.

 

Atam hər an ölə bilər, indi müalicə müəssisəsində olsa belə heç kim onun bu qədər uzun aclıqdan sonra ölməyəcəyinə zəmanət verə bilməz. Ona köçürülən məhlullar isə ringer və natrium xloriddir, yəni qida tərkibli deyil. Əgər atam həqiqətən cinayət törətmiş olsaydı, bu gün mən səssiz-səmirsiz həbsxanaya gedib atayla görüşüb evimizə gəlmişdim. Ancaq atam heç bir cinayət törətmədiyi halda niyə həbsxanada olmalıdır, niyə ailə olaraq biz həbsxana qayğıları içində həbsxana yollarında qalmalıyıq? Niyə mənim atam indi həyatı ilə azadlığı uğrunda mübarizə aparmalıdır?

 

Sabah ataya bir şey olsa kim bizə cavab verəcək?

Nə qədər ki, T.Yaqublunun səhhətində geridönməz hallar baş verməyib, onu azad edin. Sabah hər şey çox gec ola bilər.

Ümid edirəm hakimiyyət nümayəndələri bu məsuliyyətin nə demək olduğunu dərk edirlər.

Öldürməyin, azad edin!

 

Nigar Həzi

Tacxeber.com

Oxşar xəbərlər