Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi: “Həbsxanalarda həddən artıq sıxlıq və qeyri-rəsmi iyerarxiya problemini həll edin”
Komitənin hesabatında bildirilib ki, əvvəllər Sovet İttifaqının tərkibində olan doqquz ölkə – Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Litva, Moldova, Rusiya və Ukraynada qeyri-rəsmi həbsxana iyerarxiyası hələ də mövcuddur.
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) Avropa həbsxanalarındakı ciddi sıxlıq və qeyri-rəsmi məhbus iyerarxiyasıyla bağlı yeni hesabatını yayımlayıb.
Komitənin sədri Alan Mitçell qurumun 2024-cü il üzrə fəaliyyətini əhatə edən ümumi hesabatı, habelə həbsxanalarda qeyri-rəsmi iyerarxiyalarla bağlı yeni standartı Avropa Şurası Nazirlər Komitəsinin Deputatlarına təqdim edib.
CPT illik hesabatında 2024-cü ildə xüsusilə bəzi Qərbi Avropa ölkələrindəki həbsxanalarda həddindən artıq sıxlığın əhəmiyyətli dərəcədə artmasından dərin narahatlığını ifadə edib.
“Həbsxanaların həddindən artıq dolu olması onların normal fəaliyyətini tamamilə iflic edir və məhkumların qeyri-insani və alçaldıcı rəftara məruz qalması riskini artırır. Bu vəziyyət həmçinin məhkumların yaşayış şəraitinin pisləşməsinə, gərginlik və zorakılığın artmasına, məqsədyönlü fəaliyyətlərin və cəmiyyətə reinteqrasiyaya hazırlığın azalmasına səbəb olur”, – komitənin hesabatında qeyd edilib.
Hökumətləri bu problemi qətiyyətlə həll etməyə çağıran qurum həmçinin bir sıra dövlətləri həbsxana sistemlərində müxtəlif dərəcədə davam edən qeyri-rəsmi iyerarxiyanı ləğv etməyə çağırıb.
Komitənin hesabatında qeyd edilib ki, əvvəllər Sovet İttifaqının tərkibində olan doqquz ölkədə (Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Litva, Moldova Respublikası, Rusiya Federasiyası və Ukrayna) qeyri-rəsmi həbsxana iyerarxiyası hələ də qalmaqdadır.
“Məhkumlar arasında qeyri-rəsmi özünüidarə sisteminin müxtəlif səviyyələrdə mövcudluğu, məhkumların kast və ya kateqoriyalara bölünməsi və yazılmamış məhbus kodeksi əsasında formalaşan bu iyerarxiya nəticəsində meydana çıxır. Adətən məhkumlar üç qrupa bölünür: üstün məhkumlar, orta təbəqə və ən aşağı təbəqə və ya “toxunulmazlar”. Bu sonuncu qrup damğalanır, ayrı salınır, alçaldıcı işlərə cəlb olunur və tez-tez zorakılığa və təhdidə məruz qalır. Aşağı kastaya məxsus məhkumların vəziyyəti, bir çox hallarda, qeyri-insani və ya alçaldıcı rəftar kimi qiymətləndirilə bilər” – hesabatda bildirilib.
Komitə həmçinin Avropadakı psixiatriya müəssisələrində qeyri-ixtiyari saxlanılan xəstələrin müalicə şəraitinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi son 35 ildə həyata keçirilən səfərlər və problemin dərindən təhlili əsasında bu fenomenin aradan qaldırılması üçün konkret tövsiyələr verib.
“Xüsusilə də zorakılıq və istismara məruz qalma riski olan həssas məhkumların müdafiəsi və qeyri-rəsmi iyerarxiyaların liderlərinin həbsxanada cinayətkar fəaliyyətlərini davam etdirmələrinin qarşısının alınmasıdır. Bu kontekstdə vacib tədbirlərdən biri cinayətkar strukturların inkişafı, möhkəmlənməsi və birliyi üçün əlverişli mühit yaradan iri yataqxana tipli otaqlardan mərhələli şəkildə imtinadır”.
Eyni zamanda Komitə müvafiq ölkələrin hökumətlərinə cinayət hüququ siyasətlərini islah etməyi və həbsxana, eləcə də probasiya xidmətlərinə kifayət qədər maliyyə ayırmağı tövsiyə edir.
Azərbaycanda beynəlxalq təşkilatların tez-tez tənqid etdiyi əsas məsələlərdən biri müvəqqəti saxlanma yerləri, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində mövcud olan sıxlıq problemidir.
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin Azərbaycanda həbsxanaların vəziyyətini əks etdirən və 2022-ci ili əhatə edən son hesabatında bildirilib ki, Bakı İstintaq Təcridxanasını ziyarət edən CPT nümayəndə heyəti müəssisənin tutumunun 121 faiz aşıldığını müşahidə edib. Bütövlükdə 2500 nəfərlik tutumu olan təcridxanada 3017 məhbus saxlanılıb. Komitə bildirib ki, burada bir nəfərə 2m²-dən az ərazi düşür və iddialara görə, məhbuslar ya yataqları bölüşdürməli olublar, ya da növbəli şəkildə yatıblar. Komitə Azərbaycanı bir neçə adamın yaşadığı kameralarda adambaşına 4m², tək adamın yaşadığı kameralarda isə azı 6m² yaşayış sahəsi normasına əməl etməyə çağırıb.
Ötən ilin iyulunda Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi bəyanat yayaraq Azərbaycan hökumətinin komitə ilə əməkdaşlığı dayandırdığını bəyan edib. Komitə vurğulayıb ki bu, Avropa Konvensiyasının tələblərini kobud pozuntusu halıdır.