Rəf və kassada fərqli qiymət — İstehlakçı nə etməlidir?

Son dövrlərdə Azərbaycanda marketlərdə qiymət manipulyasiyaları ilə bağlı istehlakçı şikayətlərinin artması müşahidə olunur. Xüsusilə, məhsulun rəf qiyməti ilə kassadakı qiymət arasında fərqlər, endirim kampaniyalarının qeyri-şəffaflığı və digər aldatma halları istehlakçıların narazılığına səbəb olur.
Bəs bu halların artmasının əsas səbəbi nədir və bu halda istehlakçılar hansı addımları atmalıdırlar?
Mövzu ilə bağlı Metbuat.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son illərdə Azərbaycanda rəfdəki qiymətlərlə skaner vasitəsilə oxunan qiymətlər arasındakı fərqlər və qiymətin yuxarı olması halları artıb:
“Bu, istehlakçı hüquqlarının pozulması və süni qiymət artımı kimi qiymətləndirilir. Hər gün Azad İstehlakçılar Birliyinə bu barədə şikayətlər gəlir və məsələ daha da ciddiləşir. Məsələn, marketlərdə 86 qəpiyə satılan badımcanın qiymətinin son anda artırılması və ya ekzotik meyvənin 26 manata satılması kimi hallarla qarşılaşılır. Bəzi hallarda isə istehlakçılara almadıqları mallar yazılır”.
Eyyub Hüseynov qeyd edib ki, əgər marketdə məhsulun rəftdəki qiyməti ilə son qiyməti arasında fərq varsa, istehlakçı ilk növbədə kassa çekini saxlamalı, artırılmış qiymət ilə kassa çəkini müqayisə etməli və həmin malın qiymətini də telefonla çəkib göstərməlidir:
“Daha sonra müdiriyyətə müraciət edərək kassa çəkində göstərilən qiymət ilə satışda olan qiymətin fərqini izah etməlidir. İstehlakçı hüququna əsasən, market müdiriyyəti taxtadakı qiyməti tətbiq etməlidir. Əgər artıq ödənilmiş məbləğ varsa, müdiriyyətlə razılaşma əsasında həmin məbləğ geri qaytarılmalıdır və yeni kassa çekinin şəkli saxlanmalıdır. Bəzi hallarda müdiriyyət “yadımızdan çıxıb” kimi bəhanələr irəli sürə bilər, amma bu, istehlakçını aldatmaqdır. Əgər marketdəki müdiriyyətlə məsələ həll olunmazsa, istehlakçı cənab Prezidentin fərmanına əsaslanaraq Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə müraciət etməlidir. İstehlakçı şikayətlərini və sənədlərini təqdim edərək bazarda yoxlamaların təşkil olunmasını təmin edə bilər.
Bu məsələlərin geniş yayılması dövlətin istehlakçı siyasətinin zəif olmasından qaynaqlanır. Biznes qurumları, xüsusən də iri ticarət şəbəkələri, istehlakçıların hüquqlarını pozaraq bu vəziyyətdən faydalanırlar. Həmçinin, bəzi dövlət qurumlarının əhali ilə əlaqə imkanları çox məhdud olduğundan, istehlakçılar şikayətlərini bildirməkdə çətinlik çəkirlər. Məsələn, Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinin kommunikasiya kanallarının zəifliyi bu məsələni daha da çətinləşdirir”.
Eyyub hüseynov istehlakçılara bu hallarla qarşılaşdıqda diqqətli olmalarını, kassa çeki və qiymət etiketlərinə diqqətlə yanaşmalarını tövsiyə edir:
“Xüsusilə kartla ödəniş edərkən, almadıqları malların yazıldığından şübhələnən istehlakçılar, dərhal bu barədə xəbərdar olmalı və hüquqlarını qorumaq üçün addım atmalıdırlar.
İstehlakçılar şikayət və suallarını Azad İstehlakçılar Birliyinin 441 28 33 nömrəsi ilə əlaqə saxlayaraq bildirə bilərlər. Birlik istehlakçılara mümkün olan köməklikləri göstərərək, hüquqlarının qorunmasına dəstək olacaqdır”.