• 30 Aprel 2025 00:52

Trampın Prezidentliyinin İlk 100 Günü: Nəticələr, Perspektivlər və Artan İmpiçment Təhlükəsi

Trampın Prezidentliyinin İlk 100 Günü: Nəticələr, Perspektivlər və Artan İmpiçment Təhlükəsi.

 

Bu gün prezident Donald Trampın vəzifəyə başlamasının ilk 100 günü tamam olur. Bu müddət ərzində vəd etdiyi bir çox siyasi məsələləri reallaşdıra bilmədi, ölkədaxili və beynəlxalq miqyasda ciddi tənqidlərə məruz qaldı, nəticədə impiçment çağırışları artmağa başladı.

 

İlk 100 gün nələrlə yadda qaldı?

Seçki kampaniyası zamanı verdiyi əsas vədlərdən biri “24 saat ərzində müharibəni dayandırmaq” idi. Lakin bu vəd yerinə yetirilmədi.

Panamanı işğalla hədələdi, sonradan bu mövqedən geri çəkildi.

Qrenlandiyanı işğalla təhdid etdi. Nəticədə vitse-prezident Vensin həyat yoldaşı ilə Qrenlandiyaya etdiyi səfər zamanı bir nəfər belə sakin onları evinə qəbul etmədi.

Kanadanı “51-ci ştat olmaq”la hədələdi. Möcüzəvi şəkildə 6 ay ərzində 95% qalib gələcəyi gözlənilən trampçı namizəd (Pyer Pualyevr) 28 aprel seçkilərində məğlub oldu. Yeni baş nazir liberal Mark Karni oldu.

Dünya ilə ticarət müharibələrinə start verdi. ABŞ birjası çökməyə başladı, Tramp isə geri addım atmağa məcbur oldu.

Çinlə ticarət savaşına başladı və Si Tszinpin-dən geri çəkilmə gözlədi. Lakin Çin səbir nümayiş etdirdi, Tramp birjanın çöküşü fonunda geri çəkildi.

Ali Məhkəmə ilə qarşıdurmaya girdi.

Federal Ehtiyat Sistemi rəhbəri Cerom Pauell və federal hakimlərlə gərginlik yaşadı. Hakim Xanna Daqanın FTB tərəfindən saxlanılması ABŞ-da çox nadir hadisə idi (daha sonra sərbəst buraxıldı).

Trampa qeyd-şərtsiz sadiq olan yüksək vəzifəlilər səriştəsizlikləri ilə qalmaqallara səbəb oldular. Ən diqqətçəkəni “Signal qalmaqalı” ilə gündəmə gələn Pentaqon rəhbəri Pit Heqset oldu.

 

Bu hadisələr Trampın reytinqinə ciddi şəkildə təsir göstərdi. O, son 80 ildə prezidentlikdə ilk 100 gün üçün ən aşağı dəstək reytinqinə sahib lider kimi tarixə düşdü.

Washington Post, ABC News, CNN və Ipsosun apardığı sorğulara görə Trampın fəaliyyətinə dəstək göstəricisi 39-41%, narazılıq isə 53-56% aralığındadır.

Əgər növbəti 100 gün ərzində reytinq düşməkdə davam edərsə, ilin sonuna doğru Konqresdə impiçment məsələsinin gündəmə gəlməsi ehtimalı xeyli artacaq – xüsusilə də ticarət müharibələri payıza qədər həll edilməzsə.

 

Son 24 ildə prezidentlərin ilk 100 gündən sonrakı dəstək reytinqləri:

2001: Corc Buş – 62%

2009: Barak Obama – 63%

2017: Donald Tramp – 44%

2021: Co Bayden – 53%

2025: Donald Tramp (ikinci dəfə) – 41%

 

Bu rəqəmlər respublikaçı konqresmenləri ciddi seçim qarşısında qoyur: Trampı dəstəkləyərək ictimai rəylə üz-üzə qalmaq, yoxsa Trampa qarşı çıxmaq?

80-90 gün əvvəl Trampa loyal olan media orqanların və ya siyasətçilərin Trampa azca da olsa xoşuna gəlməyən mövqe sərgiləçəsi mümkün deyil idi. Xüsusilə də Ukrayna məsələsində. Dəfələrlə maraqlı hal yaşanıb, Senatda Trampın yüksək vəzifələrə irəli sürdüyü namizədlərə “Rusiya-Ukrayna müharibəsində kim kimə hücum edib?” sualı verilsə də, cavab verməkdən yayınılırdı – çünki bu, Trampın xoşuna gəlməzdi.

 

Lakin son üç ay göstərdi ki, ictimai rəy Trampın tərəfində deyil. Məsələn, trampçı mövqeyi ilə tanınan New York Post Kiyevdə dinc əhalinin bombalanmasından sonra “Sözlər yetərli deyil” başlıqlı manşet yaydı. Respublikaçı senator Con Kennedinin “ABŞ rusiyalıları balıqlara yem etməyə hazır olduğunu göstərməlidir” açıqlaması isə əvvəl heç təsəvvür olunmazdı.

 

Və nəhayət – impiçment.

Demokrat konqresmen Şri Tanedar Donald Trampın impiçmenti üçün müraciət edib və ona qarşı 7 maddədən ibarət ittiham irəli sürüb:

1. İcra hakimiyyətindən sui-istifadə. Məhkəmə qərarlarına tabe olmamaq, hüquqi prosedurları pozmaq və qanunsuz deportasiyalar.

2. Konqresin səlahiyyətlərinin əlindən alınması. Dövlət agentliklərini dağıtmaq və vəsaitləri razılıqsız dondurmaq.

3. Ticarət səlahiyyətlərindən sui-istifadə. Müttəfiqlərə hərbi təhdidlər, zərərli tariflər.

4. Birinci düzəlişin pozulması. Jurnalistlər və tənqidçilərə qarşı təqiblər.

5. Qanunsuz idarənin yaradılması. DOGE departamenti və İlon Maska antikonstitusion səlahiyyətlər verilməsi.

6. Rüşvət və korrupsiya. Xarici dövlətlərdən ödənişlər tələb etmək, məhkəmələrə siyasi təzyiq göstərmək.

7. Tiranlığa meylli davranış. Prezidentliyin konstitusion sərhədlərini pozmaq və qeyri-məhdud hakimiyyət qurmaq cəhdləri.

 

Tanedar:

“Bu ölkədə prezidentlər var, krallar yox. Bu, sadəcə pozuntu deyil – bu, impiçmentlik cinayətdir. Susmayacağam. Trampa impiçment elan edilməlidir.”

İmpiçmentin reallaşması üçün respublikaçı senator və konqresmenlərin dəstəyi vacibdir. Trampın reytinqi aşağı düşdükcə, onlar da ictimai rəyin və seçicilərin təzyiqi ilə üzləşəcəklər.

Beləliklə, Trampın ilk 100 günü qeyri-adi, qalmaqallı və siyasi baxımdan təhlükəli atmosferdə yekunlaşdı.

Gələcəkdə nələrin baş verəcəyini isə zaman göstərəcək.

 

Hazırladı: Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər