• 29 Aprel 2025 20:09

Türkiyədə tikintisi yarımçıq qalan Bürc əl-Babas kompleksi – Yadigar Sadıqlı

Ankara-İstanbul yolunun üzərində yerləşən Mudurnu qəsəbəsi yaxınlığında qədim zamanlardan məlum olan Babas adlı termal su mənbəyi mövcuddur.

 

Burada termal su mənbəli iki hotel tikmiş “Sarot Group” bir gün daha irəli getməyi və əlahiddə kompleks salmağı qərara aldı. Kompleksdə 732 miniatür qəsrin, ticarət mərkəzinin, məscidin, kinoteatrın, restoranların, türk hamamının və s. inşası nəzərdə tutulurdu. Hədəf kütləsi əsasən ərəblər olduğundan kompleksin adı “Bürc əl-Babas” qoyuldu.

 

Yeni iş yerləri perspektivinə rəğmən, yerli sakinlərin çoxu layhəyə qarşı çıxırdılar. Çünki Mudurnu köhnə türk evləri arxitekturası baxımından xüsusi özəlliyə sahibdir. Planlaşdırılan qəsrlər isə buna heç uyğun gəlmirdi.

Bununla belə, 2014-cü ildə kompleksin tikintisi başladı. İlk vaxtlar işlər pis getmirdi. Ərəblər də maraq göstərirdi. Amma 2018-ci ildə neft qiymətlərinin düşməsi ərəblərin marağını azaltdı, Türkiyədə isqtisadi vəziyyətin pisləşməsi və lirəsinin ucuzlaşması da öz təsirini göstərdi. Nəticədə satışlar dayandı.

 

732 qəsrdən 587-i inşa olundu, amma heç biri tam yekunlaşmadı. İnfrastruktur tikintiləri heç başlamadı. 200 milyon dollar xərcləyən “Sarot Group” özünü müflis elan etdi.

Tikintinin başqa – o cümlədən, xarici – şirkət(lər) tərəfindən bərpası haqda zaman-zaman söhbətlər gedir. İndi bu ərazini yenidən ot-ələf basır, təbiət özündən alınanı geri qaytarmağa çalışır. Yarımçıq tikilən qəsrlər yararsız hala düşür.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər