• 30 Aprel 2025 18:52

ABŞ prezidenti Con Kennedinin qatili Li Harvi Osvaldın rusiyalı xanımı Marina niyə zaman-zaman ifadələrini dəyişdirirdi?

2,5 il SSRİ-də yaşayan Li Harvi Osvald 1962-ci ilin mayında arvadı Marina Prusakova ilə SSRİ-ni tərk edərək ABŞ-a qayıdır. İlyarım sonra da prezident Kennedini öldürdü.

 

Osvald yeniyetməliyindən SSRİ-yə rəğbət bəsləyirdi. ABŞ dəniz piyadaları korpusunda hərbi xidmətini başa vurduqdan sonra 1959-cu ilin oktyabrında (20 yaşı vardı) SSRİ-yə gəldi. Gələn kimi də sovet vətəndaşlığı üçün müraciət etdi, amma istəyi rədd olundu. Belə cavabı gözləməyən Harvi sol qolunda damarlarını kəsdi və bir neçə gün psixiatrik xəstəxanaya salındı.

 

O, Moskva Dövlət Universitetinə daxil olmaq istəyirdi. Amma onu başa saldılar ki, bura sənin üçün Amerika deyil, burada adamın hətta harada yaşamalı olduğunu da hakimiyyət müəyyən edir. Onu Minskə göndərdilər və buradakı radiozavodda tornaçı işləməyə başladı.

 

Osvalda 700 rubl maaş verirdilər ki, bu da digər işçilərin maaşından bir neçə dəfə çox idi. SSRİ-yə gəlişindən cəmi 5 ay sonra ona Minskin mərkəzində birotaqlı, mebellə təmin edilmiş mənzil verdilər. Halbuki sovet vətəndaşları illərlə gözləyəndən sonra yalnız divarları olan mənzil alırdılar, o da şəhər kənarında tikilən mikrorayonlarda. Belə imtiyazlara baxmayaraq, təbii ki, bir amerikalı kimi daim KQB-nin nəzarətində idi.

 

Amma SSRİ-ni yalnız uzaqdan sevmək mümkün idi. 700 rubl yaxşı maaşdır, amma onu xərcləməyə, dadını çıxarmağa yer də olmalıdır. Osvald 1961-ci ilin yanvarında gündəliyində yazır: “Burada qalmaq qərarıma yenidən baxacam. İş yeknəsəqdir, pul xərcləməyə yer yoxdur, gecə klubları və boulinq yoxdur, rəqslərdən başqa əylənəcək yer yoxdur. Məndən bu qədər”.

 

İki ay sonra Marina Prusakova ilə tanış olması onun qayıdış planını bir az təxirə saldı. Apreldə evləndilər. 1962-ci ilin fevralında bir qızları oldu. Mayda isə Harvi arvadı və qızı ilə SSRİ tərk edərək ABŞ-a qayıtdı. 1963-cü il noyabrın 22-də Kennedini öldürdü, iki gün sora da özü Cek Rubi tərəfindən öldürüldü.

 

Bu hadisələrdən sonra Marina Texasın Riçardson şəhərində yaşadı. Anonim ianəçilər ona 70 min dollar yardım etdilər. Osvaldın SSRİ-də yazdığı gündəliyi 20 min dollara, əlində tüfəng tutduğu şəklini isə 5 min dollara satdı. O vaxtkı 1 dollar indiki 10 dollara yaxındır. 1965-ci ildə Kennet Porterlə ailə qurdu, bir oğlu da oldu. 1989-cu ildə ABŞ vətəndaşlığı aldı.

 

Marina Kennedinin qətlindən sonra istintaqa, Uorren komissiyasına ərinin əleyhinə ifadələr verdi. Bu ifadələrini hətta 15 il sonra Nümayəndələr palatasının xüsusi komitəsinə təkrar etdi. Amma sonradan Osvaldın günahsız olduğunu iddia etməyə başladı. Həqiqətənmi buna inandı, yoxsa bu mövqe daha sensassion və daha gəlirli idi – söyləmək çətindir.

Marina Porterin hazırda 83 yaşı var.

 

Hazırladı: Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər