• 30 Aprel 2025 22:54

Bolton Azərbaycanın adını niyə çəkib – Kremlin Cənubi Qafqazla bağlı “xüsusi planı” ola bilər

  

Donald Trampın birinci prezidentliyi dövründə onun milli təhlükəsizlik müşaviri olan və sonradan istefa verən Con Boltonun keçmiş liderinin Rusiya Prezidenti Vladimir Putinlə yaxınlığı barədə söylədikləri diqqət çəkib.

Boltonun fikrincə, Putin Trampın ona dəstək verəcəyinə əmindir. Kreml sahibi bu yolla Rusiya imperiyasını bərpa etməyə çalışır. Con Bolton bildirib ki, Vladimir Putin hazırda danışıqlara tələsmir, çünki döyüş meydanında üstünlük qazandığını düşünür. Onun sözlərinə görə, mövcud vəziyyət Putinə mümkün sülh danışıqlarında daha çox güzəşt qoparmağa imkan verəcək. Keçmiş müşavir bu siyasətin Rusiyaya qonşu olan digər ölkələr üçün də təhlükəli olduğunu qeyd edib. Çünki Putin yalnız Ukrayna ilə kifayətlənməyəcək – onun planları daha geniş coğrafiyanı əhatə edir.

 

Tacxeber.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. Politoloq vurğulayıb ki, Bolton bu sırada Cənubi Qafqazı, o cümlədən Azərbaycanın adını çəkib: “Onun sözlərinə görə, Rusiya Azərbaycan, Gürcüstan və Ermənistanı təsir dairəsində saxlamaq istəyir. Con Boltonun söylədiyinə görə, Kremlin Ukrayna müharibəsindən sonra Cənubi Qafqazla bağlı “xüsusi planı” ola bilər. Gürcüstanın hazırda Qərblə münasibətlərində soyuqluq olsa da, Tbilisi Cənubi Osetiya və Abxaziyaya görə Kreml ilə diplomatik münasibətləri bərpa etmək istəmir. Ancaq Rusiya rəsmiləri əlaqələri bərpa etmək məqsədilə Tbilisiyə mesajlar göndərməkdə davam edirlər. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə iqtisadi zəmində bağlı olsa da, hərbi və təhlükəsizlik sahəsində fərqli siyasətə üstünlük verir”.

 

Politoloqun sözlərinə görə, baş nazir Nikol Paşinyanın ölkə daxilindəki mövqeləri getdikcə zəifləyir: “Əgər Kreml Ermənistanda növbəti parlament seçkisində öz tərəfdarlarından birini hakimiyyətə gətirə bilsə, Moskvanın İrəvanı yenidən forpost halına gətirməsinə heç nə mane olmayacaq. Bu vəziyyətdə Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyini gücləndirməlidir. Digər tərəfdən, əgər Nikol Paşinyan Konstitusiyada zəruri dəyişiklik edib Azərbaycanla sülh sazişi imzalayarsa, Rusiyanın Cənubi Qafqaza təsirini minimuma endirmək mümkün olacaq və bu halda Boltonun proqnozu doğrulmaya bilər”.(Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər